Azərbaycan - Rusiya oyunu Kalininqradda problem yaradıb
08.10.2009 - 12:18
Azərbaycan - Rusiya oyunu Kalininqradda problem yaradıb
Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə oktyabrın 14-də keçirəcəyi oyun Kalininqradda problem yaradıb.

Apasport.az saytının məlumatına görə, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda görüş zamanı Kalininqradda “Baltika” klubunun Rusiya çempionatının birinci divizionunun 36-cı turu çərçivəsində “Nijni Novqorod” ilə ev oyunu başlayacaq. Problem oyunların başlanma vaxtının üstə-üstə düşməsidir - kalininqradlılar Bakıdakı görüşü də izləmək istəyirlər. Klubun mətbuat katibi Vitali Makarovun sözlərinə görə, rəhbərlik oyunu vaxtını dəyişməyə çalışsa da, bu, mümkün olmayıb: “Komandanın rəhbərliyinin “Nijni Novqorod”la oyunun başlanma saatını irəli çəkməklə bağlı cəhdlərinə baxmayaraq, görüş əvvəl planlaşdırıldığı kimi, yəni yerli vaxtla 19:00-da başlayacaq. Bizim rəqib çarter reysi ilə oyun günü gəldiyi üçün görüşü vaxtından əvvəl başlamaq mümkün olmur. Azarkeşlərimizə zəmanət veririk ki, Azərbaycan – Rusiya oyununun gedişini onlara öz matçımız zamanı ətraflı şəkildə səsucaldıcı aparat vasitəsilə çatdıracağıq”.

Qeyd edək ki, Kalininqrad milli komandamızın sabiq futbolçusu, hazırda Yevlaxın “Karvan” klubunda çıxış edən Yuri Muzikanın tarixi vətənidir. Bu şəhərdə boya-başa çatan 27 yaşlı futbolçu vaxtilə “Baltika”da oynayıb.
0