Lixtenşteynin start heyəti müəyyənləşdi
08.10.2009 - 12:23
Lixtenşteynin start heyəti müəyyənləşdi
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək oyunda Azərbaycan milli komandası ilə qarşılaşacaq Lixtenşteyn yığmasının start heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, lixtenşteynli həmkarlarımız ciddi itkilərlə üzləşən Hans Peter Zauqun ilk dəqiqələrdən kimə güvənəcəyindən xəbər tutub. Yığmamızla oyunu öz meydanında keçirəcək “cırtdan ölkə” təmsilçisi yenə 1 hücumçu ilə mübarizə aparacaq.

Qapıda 27 yaşlı Peter Yehlenin dayanacağı heç kimdə şübhə doğurmur.

Müdafiə xəttində İv Oehri, Frans Burqmeyer və Fabio D”Elia “üçlüy”ünün meydana çıxacağı dəqiqləşib. Matça 4-5-1 sxemi ilə çıxacaq rəqibimizin dördüncü arxa xətt oyunçusunun isə Marko Reşteyner olacağı gözlənilir. Lakin bu oyunçunun yarımmüdafiədə oynayacağı halda Rafael Rohrer müdafiəyə çəkiləcək.

Meydan sahiblərinin yarımmüdafiə xəttində Ronni Buşel, Tomas Bek və Marko Ritsbergerin yer alması əvvəlcədən gözlənilən idi. Onlarla yanaşı, David Hasler və Volfqanq Kyeber oynaya bilər. Lakin oyuna qədər olan müddətdə Zauq Kyeberi Reşteynerlə də əvəzləyə bilər. Bundan başqa, Davidin hücuma atılması Stefan Buşel üçün “yaşıl işıq” yandıracaq.

Hücumda Mattias Kristenin mübarizə aparacağını düşünən həmkarlarımızın fikrincə, Hasler də ön xətdə oynamaq imkanı əldə etmək şansını tam itirməyib.
0