Jirinovski yığmamızı yada saldı, pulsuz bilet istədi
08.10.2009 - 12:51
Jirinovski yığmamızı yada saldı, pulsuz bilet istədi
“Bizim partiyanın deputatları, o cümlədən mən Rusiya yığmasını daim - həm ev, həm də səfər oyunlarında dəstəkləyirik. 2002-ci ildə Yaponiyada keçirilən dünya çempionatında olmuşam. Həmişə imkan daxilində Moskvadakı oyunlara gəlirəm. Yığmamızın Azərbaycan, Lixtenşteyn, Latviya ilə oyunlarına baş çəkmişəm”.

Apasport.az saytının məlumatına görə, bu fikirləri tanınmış rusiyalı siyasətçi Vladimir Jirinovski deyib. Rusiyanın Liberal Demokrat Partiyasına rəhbərlik edən Jirinovski Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu ilin martın 28-də Moskvada keçirdiyi oyunu (0:2) “Lujniki” stadionundan izləyib. Onun sözlərinə görə, yığmamızla görüş zamanı sadə azarkeşlər arasında olub.

Adətən qeyri-adi çıxışları ilə diqqəti özünə cəlb edən Jirinovski futbolla da bağlı fikirləri ilə öz ampluasında qaldığını göstərib. Belə ki, oktyabrın 10-da “Lujniki” stadionunda keçiriləcək Rusiya – Almaniya oyununa girişi havayı etməyi təklif edən partiya sədri Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkoya bununla bağlı rəsmi məktubla müraciət edib: “İşbazlar, alverçilər, pullu adamlar heç vaxt olduğu kimi aktivləşiblər. VİP tribunalar üçün biletlərin qiyməti 250 rubla çatıb. Oktyabrın 10-da ora futboldan uzaq olan çoxlu adamlar yığışacaq. Misal üçün, “Lujniki”yə əvvəllər yığmanın oyunlarında olmayan siyasətçilər gəlmək niyyətindədir. Onlar sadəcə əylənməyə gələcək. Hazırkı vəziyyətdə yüzlərlə və minlərlə sadə azarkeş futbol bayramından kənarda qalacaq. Alverçilər isə ciblərini milyonlarla gəlirlə dolduracaqlar. Mən stadionuna girişi pulsuz etməyi və Moskvada, regionlarda təşkil olunan azarkeşlər klubuna, habelə uşaq futbol məktəblərinə havayı bilet verməyi təklif edirəm”.
0