“Azərbaycanla oyunda uduzacağımızı ağlımıza gətirmirik”
08.10.2009 - 13:00
“Azərbaycanla oyunda uduzacağımızı ağlımıza gətirmirik”
“Azərbaycanla matçda ən vacib olanı özünə inamdır. Elə biz də heç nədən qorxmayaraq gücümüzə əminik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lixtenşteyn milli komandasının baş məşqçisi Hans Peter Zauq deyib.

Dünya çempionatının oktyabrın 10-da keçiriləcək seçmə oyununda Azərbaycan yığması ilə qarşılaşacaq lixtenşteynlilərin çalışdırıcısı matç ərəfəsində qələbə arzusunda olduğunu açıqlayıb: “Bu rəqiblə oyundan xalsız ayrılacağımızı heç ağlımıza da gətirmirik. Aparıcı oyunçularım olmasa belə, bu heç nə demək deyil. Heyətə düşənlər daha əzmlə və həvəslə mübarizə aparacaq. Çünki belə də olmalıdır. Bu halda Azərbaycanla qarşılaşmada yaxşı oyun göstərmək iqtidarında olacağıq”.

Start heyətində meydana 1 hücumçu buraxacaq Zauq daha bir ön xətt oyunçusunu bir az arxada oynatmaq niyyətini də izah edib: “Azərbaycan yığması ilə oyunda nə isə etmək istəyiriksə, meydanda iki hücumçumuz olmalıdır. İkinci hücumçu yarımmüdafiədə yer alıb həmlələr zamanı komandaya kömək etməlidir. O, daha çox mərkəz yarımmüdafiəçiləri ilə hücumçu arasında qərarlaşacaq. İkinci hücumçu mövqeyində David Hasler və ya Stefan Buşel oynaya bilər. David texnikalı, güclü, eyni zamanda oynaq futbolçudur. Stefan isə təkbətək mübarizələrdə yaxşı təsir bağışlayır”.
0