Berti Foqts: Oyunun favoriti Lixtenşteyndir...
08.10.2009 - 13:18
Berti Foqts: Oyunun favoriti Lixtenşteyndir...
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Lixtenşteyndə mətbuat konfransı keçirib. Apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, “Reynpark” stadionunda baş tutan tədbirdə 63 yaşlı almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. O, oktyabrın 10-da dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lixtenşteynə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

- Sankt-Qallen, Lixtenşteyn xoşumuza gəldi. Qarşıdakı matç həm bizim, həm də Lixtenşteyn üçün maraqlı oyundur. Görüşün favoriti Lixtenşteyndir, çünki onlar ev sahibi qismində çıxış edəcəklər. Lixtenşteyn - Finlandiya oyununun videoyazısına baxdıq, birincilər yaxşı oynadılar. Biz yaxın 5-6 ili nəzərə alıb, cavan komanda qurmuşuq. Nəticə bizim üçün önəmlidir. Bura qələbə qazanmağa gəlmişik. Lixtenşteynlə görüşdə 2 vacib oyunçumuz forma geyinməyəcək. Başqa bir müdafiəçimiz isə oyuna hazır deyil. Ayın 10-da bizi çətin oyun gözləyir.

- Azərbaycandakı işiniz xoşunuza gəlirmi?
- Bəli. AFFA bizə istənilən köməyi göstərir. Oyunçular Avropa səviyyəsində məşq edirlər. Öz təcrübəmi futbolçulara və məşqçilərə öyrədirəm. Biz düzgün yoldayıq. Təbii ki, problemlər də var. Yığma üzvlərinin çoxu öz klublarında ya az oynayırlar, ya da heç forma geyinmirlər.

- Təsəvvür edirsinizmi ki, uzun müddət Azərbaycanda qalasınız?
- Azərbaycandakı işimdən razıyam. Biz noyabrın sonlarında danışıqlar masası arxasına oturacağıq. Həmin vaxt təklifləri nəzərdən keçirəcəyəm.

- Lixtenşteynlə oyunda milli komandamızın kapitanı kim olacaq?
- Bu haqda qərar qəbul etməmişik. Samir Abbasov cəzalıdır, Rail Məlikov oynayıb-oynamayacağı isə bilinmir. Ola bilsin ki, kapitan sarğısını Mahir Şükürov daşıyacaq.

- Sizin üçün qələbə vacibdir, yoxsa yaxşı oyun?
- Biz Lixtenşteyndən daha çox Rusiya ilə görüşü düşünürük. Ruslara qalib gəlmək istəyirik ki, Almaniya birbaşa dünya çempionatına çıxsın.

- Sizə “Zenit” və “Hamburq” klublarından təklif gəlmişdi. Bu haqda nə deyə bilərsiniz?
- İndi mətbuat konfransındayıq. Bu suala tədbirdən sonra şəxsi söhbətdə cavab verərəm.
0