“Almaniyanı məğlub etsək, Azərbaycanla problemimiz olmayacaq”
08.10.2009 - 14:06
“Almaniyanı məğlub etsək, Azərbaycanla problemimiz olmayacaq”
“Bizim iki rəsmi oyunumuz qalıb. Əvvəlcə Almaniyanı qəbul edəcəyik, daha sonra Azərbaycanla Bakıda oynayacağıq. Əlbəttə, indi yalnız Bundestim haqda düşünürük. Rəqib planetin ən güclü komandalarından biridir. Əgər Almaniyanı məğlub etsək, Azərbaycanla problemimiz olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının yarımmüdafiəçisi Alan Dzaqoyev deyib.

Moskva MOİK-ində çıxış edən gənc futbolçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Almaniya ilə ev, bundan 4 gün sonra Azərbaycan yığması ilə səfər oyununun iştirakçısı olacaq. Dzaqoyev bildirib ki, milli komandamızla Bakıdakı görüşdə yalnız qələbəyə kökləniblər: “Ancaq buna qədər almanları yenmək lazımdır. Üstəlik, bu, sonuncu ev oyunumuzdur. Rusiya yığmasının potensialı Almaniya üzərində qələbə qazanmağa imkan verir. Məqsədimiz Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatına 1-ci yerdən, qrup qalibi kimi düşmək lazımdır. Buna görə də hər iki oyunda qalib gəlməliyik”.

Yığmamızı yaxşı komanda adlandıran Alan hesab edir ki, cari seçmə mərhələdə normal çıxış etmişik: “Berti Foqts komandanın səviyyəsini qaldırmaq üçün hər cəhətdən kömək etməyə çalışır. Bizim komandalar artıq bir dəfə görüşüb və “Lujniki” stadionunda keçirilən həmin oyuna 2:0 hesabı ilə qələbə qazanmışıq. Cavab görüşündə də qol vurmağı və qalib gəlməyi planlaşdırırıq”.
0