“Lixtenşteyni udub sübut etsinlər ki, yığmada oynamağa layiqdirlər”
08.10.2009 - 23:00
“Lixtenşteyni udub sübut etsinlər ki, yığmada oynamağa layiqdirlər”
“11 il əvvəl Lixtenşteynlə səfər oyunu yaxşı yadımdadır. Əslində, yığmada keçirdiyim bütün oyunları xatırlayıram. Sadəcə, həmin görüş milli komandada debüt etdiyimdən xatirəmdə daha yaxşı qalıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq müdafiəçisi İlham Yadullayev deyib.

“Neftçi” və “Şəmkir”lə Azərbaycan çempionluğunu qazanan 34 yaşlı müdafiəçi milli komandamızın heyətində 37 oyun keçirib. 2004-cü ilin fevralında braziliyalı mütəxəssis Karlos Alberto Torresin debüt etdiyi, 0:6 hesabı ilə uduzduğumuz İsrail yığması ilə yoldaşlıq görüşündən sonra çağırılmayan Yadullayevin millidə yolu Lixtenşteynin paytaxtı Vadutsda başlayıb: “Xatırlayırsınızsa, həmin vaxt heyətimiz çox güclü idi. Bütün güclü futbolçularımız yığmada cəmləşmişdi. Komandamızın qapısını Aleksandr Jidkov qoruyurdu. Hücumda Nazim Süleymanov çıxış edirdi. Yığmada ilk oyunumda təcrübəli futbolçuların əhatəsində yer almışdım. Lixtenşteynə qələbə dalınca getmişdik. Mənə elə gəlir ki, uduzmalı oyun deyildi. Əksinə, qələbəyə layiq idi. Sadəcə, çoxlu qol imkanlarımızdan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi. Lixtenşteynlilər 2:1 hesabı ilə qalib gəldi”.

Həmin görüşdə sarı vərəqə alan İlham 23 yaşında əsas yığmada siftə edib: “Həmin vaxt hələ gənc idim, elə böyük düşüncəm yox idi. Əsas məsələ yığmanın heyətində meydana çıxmağım idi. Düzdür, elə ilk oyunda uduzmaq adama pis gəlirdi. Sadəcə, təcrübəli futbolçulara baxaraq, çox heyfsiləndiklərinin şahidi olmuşdum. Həmin oyundan sonra çox başlar ağrıdı ki, bu, Lixtenşteynin ilk qələbəsi idi. Belə söhbətlər indiyə kimi yadıma gəlir. Mənə elə gəlir ki, çox acınacaqlı idi. Ancaq əsas odur ki, bundan sonra həmin məğlubiyyətin heyfini çıxdıq. Bakıda 4:0 hesabı ilə qalib gəldiyimiz həmin görüşdə də 90 dəqiqə oynadım”.

Yadullayevin fikrincə, arxada qalan müddətdə qüvvələr nisbəti dəyişib. Hazırda yığmanı güclü hesab edən müdafiəçi oktyabrın 10-da Vadutsda keçiriləcək görüşdən qələbə gözləyir: “İndiki komandamıza nə arzu edə bilərəm? Uğurlar və ancaq uğurlar. Son oyunlara əsasən deyə bilərəm ki, heyətdə artıq çoxu yerli futbolçulardır. Bu heyətlə qələbə istəyirik. Sübut etsinlər ki, milli komandaya layiqdirlər. Mənə elə gəlir ki, Lixtenşteyni udmalıdırlar. Heç olmasa, bir xal gətirməliyik”.

Qeyd edək ki, son illərdə “Karvan”da çıxış edən, kapitan sarğısını daşıyan Yadullayev yenicə komandadan çıxarılıb.