Elxan Məmmədov: Onun sözləri məni təəccübləndirdi - MÜSAHİBƏ
08.10.2009 - 19:07
Elxan Məmmədov: Onun sözləri məni təəccübləndirdi - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Oktyabrın 10-da yığmamız dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Vadustda son səfər matçına çıxacaq. Lixtenşteynlə oyun öncəsi komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır. Milli komandamız Frankfurtda çox yaxşı təlim-məşq toplanışı keçib, məncə, bu öz müsbət nəticəsini verməlidir. Almaniya klubu ilə yoldaşlıq matçında baş məşqçi eksperimentə əl atdı, cavan futbolçuları yoxladı. Ümumiyyətlə, yığmanın düşərgəsində əhval-ruhiyyə çox yüksəkdir. Artıq komandamız “Reynpark” stadionunda ilk məşqə çıxıb. Lixtenşteyndə hava gözəldir, stadionda ot örtüyünün də vəziyyəti əladır. Ümidvarıq ki, ayın 10-da bu stadionda qənaətbəxş nəticə qazanacağıq.

- Amma Berti Foqts qarşıdakı görüşdə Lixtenşteynin favorit olduğunu söyləyir...
- Təbii ki, səfər matçlarında üstünlük adətən ev sahiblərinin tərəfində olur. Ötən ilin sentyabrında Bakıda keçirilmiş ilk oyunda favorit olmağımıza, topa daha çox nəzarət etməyimizə baxmayaraq, heç-heçə ilə kifayətləndik. Həmin qarşılaşmada bəxtimiz gətirmədi. Bu dəfə səfərdə oynasaq da, Vətənə uğurlu nəticə ilə dönəcəyimizə inanıram.

- Sizə elə gəlmir ki, Vadutsda heç-heçə də bizim üçün məğlubiyyətə bərabər olacaq?
- Məğlubiyyət, heç-heçə və qələbə bir-birindən çox fərqlənir. Mən görürəm ki, futbolçular Vadusta 3 xalın ardınca gəliblər. Bu da ən önəmli amildir.

- “Reynpark” stadionunda milli komandamızı dəstəkləyən olacaqmı?
- Stadiona təxminən 150-dək azərbaycanlı azarkeşin gələcəyi gözlənilir. Bununla bağlı bir ay qabaqcadan Azərbaycanın İsveçrədəki səfirliyində işə başlanılıb. Bildiyiniz kimi, AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də assosiasiyanın vitse-prezidentləri oyunu stadiondan canlı izləyəcəklər. Eyni zamanda, səfir başda olmaqla, səfirliyin nümayəndələri də yığmamıza dəstəyini əsirgəməyəcək.

- “Muğan” klubunun baş məşqçisi Kamal Alispahiç bildirib ki, Berti Foqts seçmə mərhələnin sonunda baş məşqçi postundan uzaqlaşdırılacaq və onun yerinə məhz özü namizəddir. Bu fikirlər nə dərəcədə həqiqətəuyğundur?
- Yəqin ki, il yarım əvvəli xatırlayırsınız. Həmin vaxt AFFA rəhbərliyi yığmaya baş məşqçi axtarışında namizədlərin sayını, adını gizlətmirdi. Öncə 200, ardından 100 namizəd var idi. Sonra siyahı daha da azaldı və yekunda Berti Foqts baş məşqçi təyin olundu. İndi də AFFA şəffaf şəkildə mətbuata məlumat verir. Səmimi deyə bilərəm ki, yığmanın baş məşqçisi postuna hazırda heç bir namizəd yoxdur. Çünki bütün diqqətimiz dünya çempionatının seçmə mərhələsində son iki oyuna yönəlib. Baş məşqçi məsələsi bu matçlardan sonra müzakirə olunacaq və AFFA İcraiyyə Komitəsi müvafiq qərar verəcək. “Muğan”ın baş məşqçisinin sözləri məni təəccübləndirir. Onunla AFFA-dan heç kim əlaqə saxlamayıb. Əgər assosiasiyadan kimsə onunla əlaqə saxlayıbsa, xahiş edirəm, adını açıqlasın, bu zaman səhv məlumatları yayanları tapmaq bizə asan olar.

- Bəs “Neftçi”nin baş məşqçisi, Foqtsun I köməkçisi Vaqif Sadıqovun aqibəti necə olacaq?
- Biz artıq bu məsələni Vaqif müəllimlə qısa da olsa, müzakirə etmişik. Hələ “Neftçi”nin baş məşqçisi təyin olunmamışdan qabaq Foqtsun göstərişinə əsasən, ona Rusiya - Almaniya oyununu izləmək tapşırılıb. Sadıqov peşəkar mütəxəssis olaraq, baş məşqçiyə bu görüşlə bağlı hesabat verəcək. Çox güman ki, Vaqif müəllim yığmada qala bilməyəcək. Çünki hər iki işi paralel aparmağa vaxtı olmayacaq. Hər halda, gələcəkdə yığmanın baş məşqçisinin kimliyindən asılı olmayaraq, Sadıqovla əməkdaşlıq davam etdiriləcək.