“Berti Foqtsun fikri ilə razı deyiləm”
08.10.2009 - 23:04
“Berti Foqtsun fikri ilə razı deyiləm”
“Bir il öncə Bakıda heç-heçə qeydə alınmasına baxmayaraq, səfərdən qələbə ilə dönəcəyimizə inanıram”. Bunu apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedyev deyib.

“Qarabağ” klubunun da şərəfini qoruyan müdafiəçi oktyabrın 10-da dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lixtenşteynin qonağı olacaq yığmamızın hazırlığına toxunub. Komanda yoldaşlarının oyuna kökləndiyini bildirən Medvedyev matçın asan keçəcəyini düşünür: “Lixtenşteyn bizimlə eyni səviyyədədir. Bu elə komanda deyil ki, bizim rahat oynamağımıza imkan verməsin. Fikrimcə, rəqibə qalib gələcəyik”.

Həmçinin, Maksim bildirib ki, yığmamızın baş məşqçisi Berti Foqtsun Lixtenşteyni görüşün favoriti sayması ilə razı deyil: “Favorit bizim komandadır. İnanmıram ki, ayın 10-da Lixtenşteyn qələbə qazansın”.