Lixtenşteyn kralına açıq məktub!
09.10.2009 - 12:17
Lixtenşteyn kralına açıq məktub!
“Əlahəzrət! Rüsxət verin sizə bildirim ki, oktyabrın 10-da biz sizin torpağınızda futbol oynamağa gələcəyik. Məqsədimiz qalib gəlmək, qələbənin dadını hiss etməkdir. Amma sizin yarı həvəskarlardan təşkil olunmuş komandanız bu istəyimizin qarşısını almaq istəyir, bizi məğlub edəcəkləri barədə aradabir qorxulu sözlər işlədirlər. Bəlkə bu məsələyə siz özünüz əncam çəkəsiniz...”

Eh, Lixtenşteyn kralı bir tərəfə qalsın. Ondan bizə yar olmaz.

Lixtenşteyn cırtdan ölkə yox, balaca bir kənddir (lap yadıma Bakı haqqında deyilən bir söz düşdü - Bakı böyük kənddir). Ölkə başdan ayağa kənd evlərindən ibarətdir. Sanki burada binalar tikdirmək qadağan olunub. Əslində, Lixtenşteyndə heç nə yasaq olunmayıb. Sadəcə, əhali o qədər şad-xürrəmdir ki, onlar belə şeyləri özlərinə dərd etmirlər. İnanmıram ki, Lixtenşteyndə kimsə “novostroyka”nın arzusunda olsun. Nə “novostroyka”, nə futbol... Bir ölkənin ki, cəmi 35 min əhalisi ola, onların futbolu nə olacaq? Lixtenşteyni görəndən sonra 11 il əvvəlki 1:2 hesablı məğlubiyyət, həmçinin ötən il Bakıda qolsuz heç-heçə adama daha pis təsir edir. Görün, biz kimlərin qarşısında aciz qalmışıq?

Lixtenşteyn Alp dağının ətəyində, İsveçrə ilə Avstriyanın sərhədində, qayalıqda yerləşir. Sual oluna bilər ki, heç bir təbii sərvəti olmayan ölkənin əhalisi nə ilə dolanır, onların qazanc mənbələri nədir? Buna cavab tapmışıq. Demə, 35 minlik əhalisi olan Lixtenşteyndə 75 min (!) şirkət fəaliyyət göstərir. İşçi qüvvəsinin çoxu banklarda çalışır. Burada minimum əmək haqqı 5000 İsveçrə frankına (təxminən 4000 manat) bərabərdir. Ölkədə işçi qüvvəsi çatışmadığından, qonşu dövlətlərdən buraya işçilər cəlb olunur.

Kral da ki, lap kefdir. O, 1519-cu ildə tikilmiş sarayda yaşayır. Məhz bu saray Lixtenşteynin rəmzi sayılır. Əgər kral evdədirsə, sarayın üzərində Lixtenşteynin bayrağı dalğalanır. Kral sarayı tərk edən kimi, bayraq endirilir. Bir neçə gün əvvəl o, saraydan aşağı enərək, türklərin işlətdiyi kafedə kabab yeyib. Həmin kafenin sahibi deyir ki, kral küçəyə mühafizəçisiz çıxır. Ondan soruşanda ki, “bəs belə bir zəngin adam küçəyə nəyə görə mühafizəçisiz çıxır, məgər o qorxmur?”, kafe sahibinin cavabı belə oldu: “Axı, o, heç kimə pislik etməyib”...

Yer üzündə nə Lixtenşteyn milləti var, nə də Lixtenşteyn dili. Burada rəsmi dövlət dili alman dilidir. Təbii ki, futbol camaatın yadına heç düşmür. Onların öz həyat tərzləri, öz maraqları var. Lixtenşteynin cəmi bir peşəkar futbol klubu mövcuddur - “Vaduts”, o da İsveçrə çempionatında oynayır. Deyilənə görə, 11 il əvvəl Avropa çempionatının seçmə qrup mərhələsində yığmamızla görüş zamanı Lixtenşteynin bir əsas futbolçusu oyuna gələ bilməyib. Səbəb isə poçtalyon işləyən futbolçunun işdən icazə bilməməsi olub. Bu lixtenşteynlilərdən nə desən çıxar.

Təəssüf ki, biz Lixtenşteynin futbol “tarix”inə özünəməxsus şəkildə düşmüşük. Onlar rəsmi matçlarda ilk qələbəni Azərbaycan milli komandası üzərində qazanıblar. İndi isə Lixtenşteynin bizi sevindirmək növbəsi çatıb. Bu yığmanı məğlub etməklə, rəsmi görüşlərdə ilk səfər qələbəmizi gerçəkləşdirə bilərik. Lixtenşteynlə qarşılaşmada xal itirmək doğurdan da rüsvayçılıq olar. AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev demişkən, daha qələbəni gözləməkdən də keçib. Artıq bu həsrətə dözə bilmirik...

Aqşin ƏLİYEV