Semak: Azərbaycan milli komandası ilə oynamaq hamıya çətindir
09.10.2009 - 12:38
Semak: Azərbaycan milli komandası ilə oynamaq hamıya çətindir
“Fikrimcə, həlledici oyunumuzun Azərbaycanla olması haqda Almaniya ilə görüşdən sonra danışmaq olar. Çünki Bakıdakı görüşün pozitiv xarakter daşıması üçün almanlara qarşı yaxşı oynamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının kapitanı Sergey Semak deyib.

Kazanın “Rubin” klubunda da kapitan sarğısını daşıyan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan milli komandası ilə oktyabrın 14-də Bakıda keçiriləcək görüşə asan sınaq kimi baxmır: “Məsələyə ciddi yanaşsaq, bizim qonşular cari seçmə mərhələdə son oyuna döyüşkən xarakterdə köklənəcəklər. Azərbaycan keçmiş SSRİ-dən olan yığmadır. Deməli, bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaq. Hərçənd, bu rəqiblə oynamaq hamıya çətindir”.

Semak milli komandamızı almaniyalı baş məşqçisi Berti Foqtsun çalışdırmasını da mühüm amil sayır: “Yeri gəlmişkən, Azərbaycan yığmasına tanınmış alman mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyini unutmaq olmaz. Bunun da nəticəsidir ki, komanda hazırda tabloda hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, çox nizam-intizamlı oynayır. Təsadüfi deyil ki, bizim qrupda almanlardan başqa heç kim Azərbaycan yığmasına ikidən çox qol vura bilməyib”.

Qeyd edək ki, Rusiya Almaniya ilə sabah Moskvada “Lujniki” stadionunda görüşəcək.