Lixtenşteyni Respublika stadionumuza yerləşdirmək olar...
09.10.2009 - 14:22
Lixtenşteyni Respublika stadionumuza yerləşdirmək olar...
Dünya çempionatının seçmə mərhələsinin sabah keçiriləcək oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Lixtenşteyn dünyanın cırtdan ölkələrindən sayılır. Apasport.az saytının məlumatına görə, buna səbəb mərkəzi Avropada yerləşən dövlətin hər mənada “cılız” olmasıdır. 1719-cu ildə əsası qoyulan knyazlığın adı da ölkəyə rəhbərlik edən dinastiyanın soyadını əks etdirir – Lixtenşteyn. II Hans-Adamın rəhbərlik etdiyi dövlətdə dövlət dili alman dili sayılır və əhalisi əsasən katoliklərdir.

Ərazisi vur-tut 160,4 kv km olan Lixtenşteyn böyüklüyünə görə planetin 189-cu ölkəsi sayılır. Ötən il dekabrın 31-nə olan göstəricilərə əsasən “cırtdan”ın cəmi 35360 nəfər əhalisi var. Əhali sayındakı bu rəqəm dünya ölkələri arasında 214-cüdür. Bu Azərbaycanın əksər rayonlarından azdır. Hətta böyük qəsəbə və kəndlərimiz də Lixtenşteynlə müqayisədə daha çox adama malikdir.

Azərbaycanın ən böyük futbol stadionu olan Tofiq Bəhramov adına Respublika stadionu indi 29850 tamaşaçı tutur. Hərçənd, arenanın imkanları daha artığına çatır. SSRİ dövründə 37700 tamaşaçı tutan stadion hər təmir olunduqdan sonra bu rəqəm aşağı salınıb. Lakin indi də pilləkən və tribunanın ardından matçı seyr edənlər olanda arena ağzınacan dola bilir. Məsələn, “Bakı”nın Çempionlar Liqasının Bolqarıstan “Levski”si ilə görüşündə 35 min azarkeş komandamızı dəstəkləyirdi. Bu isə belə deməyə əsas verir ki, bütün Lixtenşteyni Bakının bir stadionuna yerləşdirmək olar. Axı 35 min tamaşaçını qəbul edən Respublika stadionuna cırtdan ölkənin 35360 nəfərlik əhalisini də yerləşdirmək mümkündür.

Bir stadionluq ölkənin ən böyük şəhərinin əhalisi Azərbaycanın orta kəndlərindən də azdır. Şanda 5765, paytaxt Vadutsda isə 5088 nəfər yaşayır. Unibank Premyer Liqasının bir sıra matçlarında tamaşaçı sayı bundan çox olur.

Azərbaycanla oyunda təhlükəsizliyi kimin qoruyacağı maraq doğurur. Adətən yığma oyunlarında yüzlərlə polis və hərbçinin olduğu halda, vadutsun “Reynpark” stadionunda asayişi keşikçilərinin sayı ilə bağlı problem yaşanacaq. Ölkədə cəmi 120 polis işçisi var ki, onlar da 5 xidmətə bölünür: koordinasiya, yol, cinayətkarlığa qarşı, kommunal və təhlükəsizlik polisi. Bütün xidmətləri stadiona göndərməyin mümkünsüz olmaması belə deməyə əsas verir ki, Lixtenşteyn – Azərbaycan matçındakı asayiş keşikçilərinin sayı çox az olacaq. Ölkə konstitusiyasında hərbi mükəlləfiyyətlə bağlı qanun olsa da, 1866-cı ildə Lixtenşteyn ordusu ləğv edilib. Bu səbəbdən polisə kömək edəcək silahlı qüvvə də yoxdur.

Kiçikliyinə baxmayaraq, Lixtenşteyn də zəngin ölkə sayıla bilər. Əhalisindən 2 dəfədən çox artıq sayda – təxminən 75 min beynəlxalq şirkət və konsern Lixtenşteyndə qeydiyyatdan keçməklə ölkənin büdcəsinə para ödəyir. Bu da “cırtdan”dakı vergilərin aşağı olması ilə izah olunur. Bunun da nəticəsində 2004-cü ildə Lixtenşteyn bir adamın illik gəlirinin məbləğinə görə (50 min dollar) dünyada I yerdə qərarlaşmışdı.