Dünya və Avropa çempionu Azərbaycanla görüşdən narazı qalıb
09.10.2009 - 14:29
Dünya və Avropa çempionu Azərbaycanla görüşdən narazı qalıb
“Əlbəttə, milli komandamızın Rusiya ilə sabahkı oyununa nikbin köklənmişəm. Hərçənd, son vaxtlar bizim yığma elə də inamlı təsir bağışlamadı. Buna Azərbaycan yığması ilə oyun da aiddir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının sabiq müdafiəçisi Yurgen Koler deyib.

Milli komandamızın baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında Bundestimdə oynamış, 1996-cı ildə Avropa çempionluğunu qazanan veteran futbolçu yığmasından narazı qalıb: “Azərbaycan üzərində 4:0 hesabı qalib gəlsək də, həmin görüşdə inamlı deyildik. İndi bizi Rusiya ilə maraqlı görüş gözləyir. Hesab edirəm ki, həmin gün daha yaxşı formada olan komanda qalib gələcək. Fikrimcə, oktyabrın 11-də yuxudan yaxşı əhval-ruhiyyədə oyanacağam. Bu, tamamilə aydındır”.

Bu fikrini izah edən Koler bildirib ki, milli komandası Moskvada minimum heç-heçə əldə edəcək: “Bununla da Rusiya ilə aramızda xal məsafəsini qoruyub saxlayacağıq. Finlandiya ilə son oyunda isə cari seçmə mərhələdə qələbə ilə son nöqtəni qoyacağıq. Ümid edirəm ki, Moskvada 1:1 hesablı bərabərliyə nail olacağıq və bundan sonra turniri uğurla başa vuracağıq”.

Qeyd edək ki, Koler parlaq futbolçu karyerası dövründə dünya, Almaniya və İtaliya çempionluğunu, Çempionlar Liqası, UEFA kuboku və Qitələrarası kuboku da qazanıb.