Cənab Foqts, qol gözləyək, yoxsa qələbə?
09.10.2009 - 14:50
Cənab Foqts, qol gözləyək, yoxsa qələbə?
Sabah Azərbaycan yığması 2010-cu il dünya çempionatı seçmə mərhələsi çərçivəsində son səfər oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız Vaduts şəhərində Lixtenşteynin qonağı olacaq. Milli komandamız cari seçmə mərhələdə səfərdə keçirdiyi bütün görüşlərdə meydanı məğlub tərk edib. Bu, Uels və Finlandiyaya 0:1, Rusiyaya 0:2, Almaniyaya 0:4 hesabı ilə uduzduğumuz matçlardır. Göründüyü kimi, Foqtsun komandası bu oyunlarda nə xal qazanıb, nə də qol vurub. Ancaq ən azı həmin uğursuz ənənəyə son qoymağın Lixtenşteyndə vaxtı çatıb. Ona görə ki, bu rəqibə də qol vurmayıb, daha kimə vuracağıq?

Sözsüz ki, sabahkı görüşdə təkcə qol vurmaqla kifayətlənməyib, yalnız və yalnız qələbə qazanmaq haqda düşünmək lazımdır. Axı Vadutsdakı oyun demək olar qrupda sonuncu yerdən yaxa qurtarıb, bunu elə Lixtenşteynə vermək üçün son şansdır. “Cırtdan ölkə” təmsilçisi millimizlə görüşdə yenə heç-heçəyə nail olsalar, bizimlə 1 xallıq fərqi qoruyub saxlayacaq. Bu zaman seçmə mərhələni sonuncu pillədə başa vuracağımız daha inandırıcı görünür. Çünki Lixtenşteyn son turda evdə ortabab Uelslə görüşdə uğurlu nəticəyə daha çox ümid edə bilər, nəinki yığmamız dünya çempionluğuna iddialı Rusiya ilə görüşdə. Hərçənd, milli komandamızın nəinki dünya, elə Avropa çempionatının seçmə mərhələsində yalnız bir dəfə qrup sonuncusu olmayıb. Bu da elə Lixtenşteynlə 2000-ci il Avropa çempionatının seçmə mərhələsində bir qrupda yer aldığımız zaman.

Lixtenşteyn üzərində qələbə qazanmağımız həm də ona görə gündəmə gəlib ki, rəqibin heyətlə bağlı ciddi problemləri var. Düzdür, milli komandamızda da, xüsusilə müdafiə xəttində itkilər mövcuddur. Kapitan Rəşad Sadıqovla Saşa Yunisoğlu zədə, Samir Abbasov isə cəza səbəbindən yığmamıza kömək edə bilməyəcək. Ancaq onsuz da peşəkar futbolçularının sayı çox az olan, daha çox həvəskarların ümidinə qalan rəqibdə itkilər xüsusilə nəzərə çarpır. Təsadüfi deyil ki, milli komandamızla oyuna cəmi 15 futbolçu ilə hazırlaşan lixtenşteynlilərdə oyunun protokolunu doldurmaq sayda (18) oyunçusu yoxdur.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Lixtenşteyn – Azərbaycan görüşünü 34 yaşlı FİFA hakimi Pavle Radovanoviçin başçılıq etdiyi çernoqoriyalı hakimlər briqadası idarə edəcək.
0