Lixtenşteyn yığmasına qarşı oynamış futbolçularımızdan ölən kimdir?
09.10.2009 - 23:00
Lixtenşteyn yığmasına qarşı oynamış futbolçularımızdan ölən kimdir?
Bu gün Vaduts şəhərinin “Reynpark” stadionunda görüşəcək Lixtenşteyn və Azərbaycan milli komandaları bir-birlərinin futbol tarixlərinə düşüb. Apasport.az saytının məlumatına görə, Lixtenşteyn ilk rəsmi qələbəsini milli komandamız, milli komandamız isə birinci və hələ ki yeganə böyük hesablı qələbəsini Lixtenşteyn üzərində qazanıb. İndiyədək bir oyunda 4 qol vurmayan yığmamız lixtenşteynlilərin qapısına 5 dəfə yol tapıb ki, bu da rekorddur.

Belə ki, indiyə kimi heç bir rəqibə rəsmi oyunlarda bu qədər qol vura bilməmişik. Lixtenşteynə qol vuranlardan yalnız “Neftçi”nin kapitanı Zaur Tağızadə karyerasını davam etdirir. “Cırtdan ölkə”yə iki qol vuran Qurban Qurbanov “Qarabağ”ın, Mirbağır İsayev “Neftçi”nin əvəzedici komandasının baş məşqçisidir. İsayev kimi Lixtenşteynə bir qol vuran Vyaçeslav Lıçkin də futbolçu karyerasını bitirib.

Milli komandamızda Lixtenşteynlə indiyə kimi bütün görüşlərdə iştirak edən Mahmud Qurbanov futbolçu karyerasını davam etdirir. Ancaq baş məşqçi Berti Foqtsun daha yığmaya çağırmadığı “Bakı” klubunun 36 yaşlı yarımmüdafiəçi 4-cü dəfə oynamaq imkanından məhrum oldu. Ümumiyyətlə, Lixtenşteyn yığmasına qarşı oynamış futbolçularımızdan qapıçı Aleksandr Jidkov, müdafiəçilər Tərlan Əhmədov, Rasim Abışov, Deni Qaysumov, yarımmüdafiəçilər Vidadi Rzayev, Elşən Qəmbərov, İlham Məmmədov, Narvik Sırxayev, Rüfət Quliyev, Elmir Xankişiyev, hücumçu Nazim Süleymanov, Vadim Vasilyev də futbolçu karyerasını bitirib. Milliləşən ukraynalı yarımmüdafiəçi Aleksey Stukas isə dünyasını dəyişib.

Lixtenşteynlə son görüşün iştirakçılarından Rəşad Sadıqov, Saşa Yunisoğlu zədə, Samir Abbasov cəza səbəbindən bu dəfə oynamayacaq. Milliləşən hücumçular – serbiyalı Branimir Subaşiçlə Leandro Qomeş isə son vaxtlar yığmamıza dəvət almırlar. Rəqibin heyətində bizə qarşı həmişə oynamış kapitan Mari Frik bu dəfə meydana çıxa bilməyəcək. Buna da səbəb İtaliyanın “Syena” klubunda çıxış edən hücumçunun cəzalı olmasıdır. Frik milli komandamıza vurulan ilk qolun müəllifidir. Onunla yanaşı, Mişel Polverino ilə Martin Buşel da cəzalı olduğu üçün yığmamızla görüşü buraxacaq.

Qeyd edək ki, milli komandamızın Lixtenşteynlə indiyə kimi oyunlara fərqli mütəxəssislər çıxarıb. Vadutsda üzücü məğlubiyyət alan Vaqif Sadıqov ötən həftənin əvvəlində “Neftçi”nin baş məşqçi postuna qayıtdı. Lixtenşteyni böyük hesabla yenən Əhməd Ələsgərov uzun müddətdir Ukraynanın Odessa şəhərində yaşayır, məşqçilik fəaliyyətindən kənarda qalıb. Foqts milli komandamızı ikinci dəfə Lixtenşteynlə oyuna çıxarmaqla azərbaycanlı həmkarlarından fərqlənəcək.

Azərbaycan və Lixtenşteyn milli komandaları arasında keçirilən oyunların protokolları

LİXTENŞTEYN - AZƏRBAYCAN - 2:1 (0:0)

14 oktyabr 1998. Vaduts. "Reynpark" stadionu. 1450 tamaşaçı. AÇ-2000.
Baş hakim: Herbert Barr (Şimali İrlandiya).

Lixtenşteyn: Peter Yehle, Kristof Ritter, Martin Ştoklaza, Hansyorq Linq, Harald Zek, Mixael Ştoklaza, Herbert Bikker (Yurgen Ospelt, 67), Mario Frik, Daniel Hasler, Martin Telzer, Tomas Bek (Marko Buşel, 74).
Baş məşqçi: Ralf Loose.

Azərbaycan: Aleksandr Jidkov, Emin Ağayev, Deni Qaysumov, Aslan Kərimov, İlham Yadullayev, Rasim Abışov (k) (Rüfət Quliyev, 76), Mahmud Qurbanov (Nazim Süleymanov, 25), Vidadi Rzayev, Qurban Qurbanov, Elşən Qəmbərov (İlham Məmmədov, 59), Narvik Sırxayev.
Baş məşqçi: Vaqif Sadıqov.
Qollar: Frik, 47-p. (1:0). Telzer, 49 (2:0). Q.Qurbanov, 59 (2:1).
Zek 45-ci dəqiqədə penaltidən istifadə edə bilməyib (yan).
Vərəqələr: Jidkov, 44. Yadullayev, 47. Abuşov, 72 - sarı.

AZƏRBAYCAN - LİXTENŞTEYN - 4:0 (2:0)
5 iyun 1999. Bakı. Tofiq Bəhramov adına stadionu. 8000 tamaşaçı. AÇ-2000.
Baş hakim: Knud Stadskaar (Danimarka).

Azərbaycan: Dmitri Kramarenko, Emin Ağayev, İlham Yadullayev, Tərlan Əhmədov (k), Vyaçeslav Lıçkin (Aleksey Stukas, 74), Aslan Kərimov, Mahmud Qurbanov, Zaur Tağızadə (Mirbağır İsayev, 66), Qurban Qurbanov, Vadim Vasilyev (Elmir Xankişiyev, 57), Narvik Sırxayev.
Baş məşqçi: Əhməd Ələsgərov.

Lixtenşteyn: Peter Yehle, Harald Zek, Hansyorq Linq, Kristof Ritter, Daniel Hasler, Martin Ştoklaza, Herbert Bikker (Mattias Bek, 59), Kristof Frik, Mihael Ştoklaza (Albert Vohlvend, 74), Harri Bents (Tomas Bek, 46), Martin Telzer.
Baş məşqçi: Ralf Loose.
Qollar: Q.Qurbanov, 15 (1:0). Lıçkin, 41 (2:0). Tağızadə, 57 (3:0). İsayev, 73 (4:0).
Vərəqələr: Tağızadə, 20. K.Frik, 43. Mar.Ştoklaza, 85 - sarı.

AZƏRBAYCAN – LİXTENŞTEYN – 0:0
10 sentyabr 2008. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 26000 tamaşaçı. DÇ-2010.
Hakim: Svetan Georgiyev (Bolqarıstan)

Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov (k), Saşa Yunisoğlu, Rail Məlikov, Aleksandr Çertoqanov, Samir Abbasov, Elmar Baxşıyev, Elvin Məmmədov (Leandro Qomeş, 64), Mahmud Qurbanov (Zeynal Zeynalov, 70), Vaqif Cavadov (Cavid Hüseynov, 46), Branimir Subaşiç.
Baş məşqçi: Berti Foqts (Almaniya)

Lixtenşteyn: Peter Yehle, Marko Ritzberger (İf Oehri, 20), Fabio D’ Elya, Andreas Gerster, Martin Ştoklaza, Benjamin Fişer, Marko Frik, Frans Burqmeyer, Martin Buşel, Matias Kristen (Tomas Bek, 68), Mişel Polverino (Rapal Rohrer).
Baş məşqçi: Hans-Peter Zauq.
Vərəqələr: Polverino, 47, Buşel, 52, Baxşıyev, 65, Çertoqanov, 69