“Yığmamız öz sözünü bundan sonra deyəcək”
11.10.2009 - 03:10
“Yığmamız öz sözünü bundan sonra deyəcək”
AFFA prezidenti Rövnəq Abdullayev Lixtenşteyn - Azərbaycan oyunundan (0:2) sonra apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbirinə müsahibə verib.

- Matç haqda fikirlərinizi bilmək istərdik.
- Oyun çox yaxşı keçdi. Milli komandamız rəqibə qarşı yaxşı mübarizə aparıb, layiqli qələbə qazandı. Yığmamızın üzvlərini, bütün futbolsevərləri təbrik edirəm.

- Milli komandamız Vadutsda tarixi qələbə qazanıb. Bundan öncə rəsmi matçlarda səfərdə qalib gələ bilməmişdik. Həm bunu, həm də ötən il Bakıda Lixtenşteyni məğlub edə bilmədiyimizi nəzərə alsaq, bu gün qələbə gözləyirdinizmi?
- Hər şey oyunun alınmağından asılıdır. Hamı qələbə qazanmaq istəyir. Biz də uğur əldə etmək istəyirdik. Futbolçularımız öz oyunlarını göstərib, bu istəyimizi reallaşdırdılar.

- Qarşılaşmadan qabaq çox söz-söhbətlər gəzirdi ki, bu, Berti Foqts üçün yığmamızın baş məşqçisi postunda axırıncı oyun olacaq...
- Yox, belə radikal fikirlər yox idi, heç ola da bilməzdi. Biz futbolu mərhələ-mərhələ inkişaf etdiririk. Futbolun inkişafına köklü şəkildə başlamışıq. 15, 17, 19, 21 yaşlılardan ibarət yığmamız uğurlu nəticələr göstərirlər. İki gün öncə U-19 Avropa çempionatının seçmə mərhələsində İsraili 3:0 hesabı ilə məğlub edib. U-15-in futbolçularını Türkiyəyə, Almaniyaya təlim-məşq toplanışlarına göndərmişik. Futbolumuzun gələcəyini yaxşı görürəm. Azərbaycan yığmasının əksər üzvləri gənclərdən ibarətdirsə, deməli, bu komanda öz sözünü bundan sonra deyəcək.

- Lixtenşteyn üzərində qələbəyə görə futbolçulara xüsusi mükafat veriləcəkmi?
- Yox. Bu qələbə üçün xüsusi mükafat olmayacaq.