Elxan Məmmədov: Komandamız AFFA prezidentini tezliklə yenidən sevindirəcək
11.10.2009 - 07:01
Elxan Məmmədov: Komandamız AFFA prezidentini tezliklə yenidən sevindirəcək
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Lixtenşteyn üzərindəki qələbədən sonra hansı hissləri keçirirsiniz?
- İlk növbədə hamını təbrik edirəm. Təbii ki, çox böyük sevinc hissləri keçiririk. 1994-cü ildən bəri Azərbaycan yığması səfərdə rəsmi matçlarda qələbə qazana bilmirdi. Bu gün nəhayət, milli komandamız ilk dəfə səfərdə qalib gələ bildi. Komanda çox gözəl oyun nümayiş etdirdi. Birinci hissə ilə müqayisədə, ikinci hissədə futbolçularımız daha yaxşı təsir bağışladılar. Yığmamız əvvəldən axıradək, yəni bütün 90 dəqiqəni mübarizə apara bildiyini, qol vurmaq bacarığını nümayiş etdirdi. Son 3 rəsmi görüşdə 3 qol vurmağımız sevindirici haldır. Ümid edirəm ki, növbəti oyunlarda da qol vuracağıq. Futbolçularımıza “sağ ol” deyirik və futbol ictimaiyyətimizi təbrik edirik.

- Baş məşqçi Berti Foqts mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayevi ilk dəfə üzügülər gördüyünü xüsusi vurğuladı. Sizcə, assosiasiya rəhbərinin növbəti sevinci nə zaman olacaq?
- İnanıram ki, Rövnəq müəllim ən yaxın zamanda növbəti dəfə qələbə sevinci yaşayacaq.

- Oktyabrın 14-də Bakıda Rusiya ilə görüşdən nə gözləyirsiniz?
- Milli komandamız oyundan-oyuna inkişaf edir. Bu da çox sevindirici haldır. Ümidvarıq ki, yığmamız yaxşı oyun göstərəcək. Rusiyaya qarşı mübarizə aparmaq çox çətindir. Almaniya komandası onlara çətinliklə qalib gəldi. İndidən demək olar ki, ruslarla matç ağır olacaq.

- Rusiyadan bu qarşılaşmanı izləməyə 1500 azarkeşin gələcəyi planlaşdırılıb. Bununla və ümumiyyətlə, təşkilatçılıqla bağlı nə yenilik var?
- Həqiqətən də Rusiyadan 1500 fanatın paytaxtımıza səfəri nəzərdə tutulub. Amma buna baxmayaraq, azərbaycanlı azarkeşlərin bilet əldə edərək, stadiona gələcəklərinə inanırıq. Şübhə etmirik ki, onların yığmamıza dəstək verəcəklər və rusiyalılara necə azarkeşlik etməyi göstərəcəklər.