Vaqif Cavadovdan razılıq: Heç kim xəsislik etmədi
11.10.2009 - 20:08
Vaqif Cavadovdan razılıq: Heç kim xəsislik etmədi
“Əlbəttə, qələbəni çoxdan gözləyirdik. Allahın köməkliyi ilə istəyimizə çatdıq. Bu münasibətlə hamını təbrik edirəm. İnşallah, bu uğurun davamı gələcək”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.

Hücumçu bildirib ki, dünya çempionatının seçmə qrup mərhələsində səfərdə məğlub etdikləri (2:0) Lixtenşteynin gücünü aşağılamaq olmaz: “Deməzdim ki, Lixtenşteyn zəif komandadır. İndi zəif rəqib yoxdur”.

Yığmamızın ilk qoluna imza atan Cavadov heç kimin xəsislik etmədiyini söyləyib: “Adətən oyundan qabaq qol vuracağıma söz vermirəm. Bu dəfə də belə olmuşdu. Amma həmişə çalışıram ki, fərqi yoxdur, ya mən, ya da komanda yoldaşım rəqib qapısına yol tapsın. Qol epizodu çox tez, sadə və düzgün alındı. Yəni, heç kim xəsislik etmədi və nəticədə qol vura bildik. Çoxdandır milli komandada fərqlənmirdim. Qolu ailəmə həsr edirəm”.

Vaqif oktyabrın 14-də dünya çempionatının seçmə mərhələsində Bakıda Rusiyaya qarşı keçiriləcək matça da toxunub: “Dünən qələbə qazanmışıq. Şəxsən öz adımdan deyə bilərəm ki, bu gündən etibarən Rusiya ilə görüşə hazırlaşıram”.