“Ruslar 1990-cı ilin 20 yanvarında Azərbaycanda nə baş verdiyini bilirlər” - MÜSAHİBƏ
12.10.2009 - 12:04
“Ruslar 1990-cı ilin 20 yanvarında Azərbaycanda nə baş verdiyini bilirlər” - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun apasport.az saytına müsahibəsi

- Dünya çempionatının seçmə qrup mərhələsində Lixtenşteyn üzərində qazanılan qələbə münasibətilə sizi təbrik edirik.
- Azərbaycanı, milli komandanı təbrik edin, məni yox. AFFA rəhbərliyinə təşəkkür etmək lazımdır ki, yığmaya bütün şəraiti yaradıb, Frankfurtda yaxşı təlim-məşq toplanışı keçməyimizə imkan yaradıb. Bundan başqa, Premyer Liqada I turu təxirə saldığı üçün Peşəkar Futbol Liqasının rəsmilərinə təşəkkürümüzü çatdırırıq.

- Yığmamız Lixtenşteynin qapısına ilk qolu vuranda və final fiti səslənəndə hansı hissləri keçirirdiniz?
- Mən birinci hissədən sonra çox pis idim. Bizim oyuna baxanda qorxurdum ki, görəsən bu mənim komandamdır, ya yox. Yetirmələrimin gözəl oyun nümayiş etdirmək istəyi hiss olunurdu. Ancaq təəssüf ki, rəqib buna imkan vermirdi. Bəzi futbolçular fikirləşirdilər ki, matçın əvvəllərində 1-2 qol vurub, rahat qələbə qazanarıq. Lixtenşteynin qapısından birinci topu keçirdikdən sonra isə yığma daha sərbəst oynamağa başladı. Yəni, oyunun belə alınması mənlik deyil. Mən təcrübəmə əsaslanaraq, komandaya təzyiq zamanı necə çıxış etməyin lazım olduğunu öyrədə bilərəm. Məsələn, bir dəfə Almaniya Braziliyaya 0:3 hesabı ilə uduzurdu. Fasilədən sonra isə 3 qol vurub, heç-heçəyə nail olduq.

- Oktyabrın 14-də milli komandamız Bakıda Rusiyanı qəbul edəcək. Bizə maraqlıdır ki, nəyə görə Rusiyadan söhbət düşəndə, aqressiv danışırsınız?
- Aqressiv danışmıram. Əksinə, mən Rusiya yığmasının baş məşqçisi ilə yaxın dostam. Bəlkə mən nəsə deyərkən, siz bunu aqressiv başa düşürsünüz? Ruslar barədə çox söhbətlər olub. Amma deməzdim ki, fikirlərim onlara qarşı aqressiv olub. Ardıcıl 14 il ərzində Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə mənim komandam çıxış edib. Keçmiş SSRİ-nin Almaniya ilə böyük rəqabəti olub. Ola bilər ki, buna görə Rusiya barədə səsləndirdiyim fikirləri aqressiv başa düşürsünüz. Siyasi prizmadan baxsaq, ruslar 1990-cı ilin 20 yanvarında Azərbaycanda nə baş verdiyini bilirlər. Biz isə əsas diqqətimizi futbola yönəldirik.

- Sizin fikrinizcə, nəyin sayəsində Rusiya ilə qarşılaşmada qənaətbəxş nəticə əldə edə bilərik? Ruslarla matçda üstünlüyümüz nədir? Ümumiyyətlə, üstünlüyümüz varmı?
- Birincisi, biz evdə, Bakıda çıxış edəcəyik. İkincisi, biz ruslara uduzsaq da, 4 xalımız olacaq. Ona görə də komandamız yalnız qələbə uğrunda mübarizə aparacaq. FİFA-nın reytinq cədvəlində Azərbaycan və Rusiya fərqli qütblərdə yerləşir. Deməli, ruslarla matçda yığma sərbəst oyun nümayiş etdirəcək. Ümidvaram ki, yetirmələrim qarşıdakı görüşdə öz oyunlarını göstərə biləcəklər.

- Qapıçı Kamran Ağayev deyir ki, Lixtenşteyn üzərində qələbə sensasiya deyil. Bu sözlərlə razısınızmı?
- Hələ Lixtenşteynlə görüşdən öncə futbolçulara xatırlatdım ki, ötən il Bakıdakı matçda qələbə qazanmalı idik. Buna görə də səfərdə qalib gəlməli idik. Yaxşı ki, bu istəyimizə çatdıq. Əgər Kamran belə deyirsə, bu, onun necə qapıçı olduğunu göstərir.

- AFFA rəhbərliyi sizinlə müqaviləni uzadarsa, yəni, Avropa çempionatının seçmə mərhələsində də baş məşqçi postunu sizə etibar edərsə, öz üzərinizə hansı vəzifəni götürəcəksiniz? Hannoverdə Almaniya ilə qarşılaşmadan əvvəl mətbuat konfransında demişdiniz ki, 2012-ci ildə qitə birinciliyinin keçiriləcəyi Ukraynaya avtobusla da gedə bilərik. Bununla da növbəti Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımızın olduğuna işarə vurmusunuz. Doğrudanmı, yığmamız Avro-2012-də çıxış edə bilər?
- Artıq bir neçə dəfə demişəm ki, biz 4-5 illik plan qurmuşuq. Dünya çempionatının seçmə mərhələsinə nəzər yetirsək, Uels və Finlandiya ilə matçlarda nə səfər, nə də ev oyunlarını uduzmalı idik. Nəticələr göstərir ki, Azərbaycan yığması cavan komandadır. Milli komandada təcrübə çatışmır. Təcrübəli kollektiv olsaydı, indi xal ehtiyatımız daha çox idi.