Bakı “İnter”i 125 min avroya qapıçı alır
12.10.2009 - 18:01
Bakı “İnter”i 125 min avroya qapıçı alır
Bakının “İnter” futbol klubu Bolqarıstanın Burqas şəhərini təmsil edən “Çernomorets” klubunun qapıçısı Vladislav Stoyanovla müqavilə bağlayacaq.
Lent.az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Stoyanovun transferi qış transfer dövründə reallaşacaq.

Paytaxt klubu 22 yaşlı qolkiperin keçidi üçün “Çernomorets”ə 125 min avro ödəyəcək. Qapıçının özünə isə əla şərait yaradılacağına söz verilib.
Sofiyanın MOİK klubunun yetirməsi olan Stoyanov 2004-2005-ci il mövsümündən Burqas komandasının şərəfini qoruyur. Bundan bir mövsüm sonra gənc qapıçı rəhbər şəxslərdən birinin onunla müqavilə qarşılığında 4600 avro pul istədiyini açıqlayaraq, “Çernomorets”dən ayrılıb. Lakin 2006-2007-ci il mövsümündə o, yenidən Burqasa qayıdıb. Klub rəhbərliyi yayda bəyan edib ki, sərfəli təklif qarşılığında Stoyanovu satmağa hazırdır. “İnter”in təklifi çox da böyük məbləğ olmasa da, Bakı klubunun rəhbərliyi transfer məbləğini bəri başdan ödəyəcəyini açıqlayıb.

Bolqarıstanın perspektivli qapıçılarından sayılan Vladislav Stoyanov ötən il Kiyev “Dinamo”sunda baxışda olub. Lakin onun Ukraynanın ən titullu klubuna transferi baş tutmayıb.

Qeyd edək ki, “İnter” klubunun prezidenti bolqarıstanlı Georgi Nikolovdur. Hazırda “bankirlər”in heyətində daha bir bolqar futbolçu Petar Zlatinov da çıxış edir.