Fatih Terimin 5 ən böyük günahı
12.10.2009 - 23:00
Fatih Terimin 5 ən böyük günahı
2010-cu il dünya çempionatının seçmə mərhələsində ən böyük sensasiya Türkiyə yığması ilə bağlı oldu. Fatih Terimin rəhbərlik etdiyi kollektiv bir sıra oyunlarda xal itkisi ilə üzləşdiyindən, yekunda nəinki çempionata birbaşa vəsiqəyə sahib çıxdı, hətta pley-off mərhələsində oynamaq hüququndan məhrum oldu. Türkiyənin “Habertürk” qəzeti baş məşqçi Fatih Terimin seçmə mərhələdəki ən böyük 5 günahının nədən ibarət olduğunu yazıb. Apasport.az saytı həmin günahlarla əlaqədar yazını təqdim edir. Beləliklə, Terimin 5 ən böyük günahı bunlardır:

1. Oyunçulara arxasını döndərməsi
Terimin ən bağışlanılmaz səhvi şəxsi qərəzi olduğu futbolçuları milli komandaya çağırmamasıdır. Xüsusilə, qol vura bilməyən “ay-ulduzlular”ın bu problemini çözmək qabiliyyətində olan “Zenit”in hücumçusu Fatih Təkkənin yığmaya cəlb edilməməsi təəccüb doğururdu. Düzdür, Terim guya onunla şəxsi problem yaşamadığını söyləyirdi. Bosniya və Herseqovinaya qarşı matçda Təkkənin yoxluğu Türkiyə komandasına həlledici zərbə vurdu. Eyni səbəbdən seçmə mərhələnin gedişində İbrahim Toraman, Gökdəniz, Mehmet Topuz da yığmadan kənarda qaldı.

2. Yığmada ab-havanın pozulması
Ardıcıl uğursuzluqlardan sonra baş məşqçi paltardəyişmə otağında yetirmələrinə qarşı sərt ifadələr işlətdi. Bu isə futbolçularda narazılıq yaratmağa başladı. İş o yerə çatdı ki, mənəvi övladı saydığı, ən çətin günlərdə dəstək verdiyi, vaxtilə tənqidlərə sinə gərib yığmaya çağırdığı Əmrə Belözoğlu da Terimə qarşı çıxdı. Kapitan sarğısını daşıyan Belözoğlu İstanbulda İspaniya ilə matçın (1:2) ardından, çalışdırıcısına söz qaytardı. Bu məsələnin milli komandada kapitanın dəyişməsinə səbəb olması, problemin nə qədər ciddiliyindən xəbər verir.

3. B planının işə düşməməsi
Terim AVRO-2008-də əldə olunan uğurlardan onu tənqid edən mətbuata cavab vermək fürsəti kimi yararlandı. O, qitə birinciliyində Çexiya üzərində qələbədən sonra keçirilən mətbuat konfransında “Yazılarınızı dəyişdirmək məcburiyyətində qaldığınız üçün üzr istəyirəm” ifadəsi işlətmişdi. Bu çempionatda KİV nümayəndələrindən imkan düşdükcə nöqsan tapmaq istəyən Terim heyəti müəyyənləşdirirkən, buraxdığı səhvləri görmürdü. Lakin artıq dünya çempionatının seçmə mərhələsində şanslı deyildi. Yəni, AVRO-2008-də B planı işimizə yarayırdı. Seçmə oyunlar zamanı isə uğurun sirrinin itirildiyi nəzərə çarpırdı. Terim “Necə olursa-olsun, qalib gələcəyik” deyib, gözlənilməz “11-lik” seçməsəydi, Bosniya və Herseqovinanı məğlub etmək olardı.

4. Terimin həmişə fantaziya dalınca qaçması
Düzdür, zədəli futbolçuların olması komanda üçün ciddi itki idi. Lakin bu, Terimin həmişə fantaziya dalınca qaçıb, heyət qurmasına əsas vermirdi. Məsələn Belçika ilə görüşdə müdafiənin sol cinahında indi adını kimsənin xatırlamadığı “Denizlispor”lu Çağlar Birinci start heyətdə yer almışdı. Bosniya və Herseqovinaya qarşı matçda isə öz klubunda ehtiyatda oturan Batuhan Karadeniz forma geyinmişdi. İbrahim Kaş mövzusunda anlaşılmaz israr göstərən, 1996-cı ildə “Qalatasaray”a gələr-gəlməz oyun tərzini bəyənmədiyi üçün qapının önünə qoyduğu, o vaxtdan bəri heç bir dəfə də milli komandada oynamayan 32 yaşlı Ceyhun Erişə belçikalılarla qarşılaşmada şans verən, Bosniya və Herseqovina ilə prinsipial görüşdə ən vacib mövqe sayılan dayaq yarımmüdafiəçisi yerində sadəcə, müdafiəçi keyfiyyətlərinə malik olan “Trabzonspor”lu Ceyhun Gülselamı qoyaraq, matça nəzarətin rəqibin əlinə keçməsinə səbəbkar olan Terimin qərarları daima sual doğururdu. O, yığmaya dəvət etdiyi futbolçuların klublarında oynayıb-oynamadığına diqqət yetirmədi. Həm də Terimin tanınmamış oyunçularla qələbə qazanaraq, kimlərəsə dərs vermək istəyi evdə qalmağımızla nəticələndi.

5. Əsəblərini cilovlaya bilməməsi
1996-cı ildə Türkiyə yığmasını tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsinə daşıyan Terimin milli komandaya ikinci qayıdışı dönəmində qalmaqallarla yadda qaldı. Baş məşqçi hər dəfə açıqlama verəndə, onu tənqid edən jurnalistləri hədəf seçirdi. Bu psixoloji hal sonradan meydanın içərisinə qədər irəlilədi. Buna görə də seçmə mərhələdə milli komandanın ilk dəfə xal itirdiyi matçda böyük problem yaşandı. Terim qarşılaşmanın gedişində rəqib komandanın çalışdırıcısı Vandereykenlə əsl oyun çıxardı. Bütün enerjisini bu qalmaqala istifadə edən Terim vacib 2 xal itkisinin sonradan nələr yaradacağının fərqində deyildi. Üstəlik, Bosniya və Herseqovina ilə səfər matçında hakimin cərimə zərbəsi qərarına çox çılğın reaksiya göstərdiyindən, tribunaya göndərildi. Sanki sərkərdə döyüşdə ordunu yalnız buraxmışdı... Bunlar ölkənin komandanın arxasında yumruq kimi birləşməsinə əngəl törətdi və yığma seçmə mərhələ səddini aşa bilmədi.
0