İqor Ponomaryovun bir rekordu təkrarlanır, bəs o birisi?
13.10.2009 - 16:49
İqor Ponomaryovun bir rekordu təkrarlanır, bəs o birisi?
Berti Foqts sabah Azərbaycan milli komandasının baş məşqçi postunda olmuş həmkarı İqor Ponomaryova çatacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın 15 ildir çıxış etdiyi cari seçmə mərhələlərdə indiyədək yalnız Ponomaryov əvvəldən axıra qədər komandanın sükanı arxasında olub. Bu, 2002-ci il dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib.

Digər məşqçilərimizə seçmə mərhələni sona kimi başa çatdırmaq nəsib olmayıb ki, Foqts 7 illik fasilədən sonra bu boşluğa son qoyacaq. 63 yaşlı alman mütəxəssis Ponomaryovun digər göstəricisini, daha doğrusu, rekordunu ən azı təkrarlamağa çalışacaq. Söhbət bir seçmə mərhələdə toplanılan xallardan gedir. Ponomaryovun rəhbərlik etdiyi milli komandamız keçirdiyi 5 oyunda 10 xal toplamışdı. Elə Foqtsun başçılıq etdiyi yığmamız da cari seçmə mərhələdə keçirəcəyi görüşlərin sayı bu qədər olacaq. İndi maraq doğuran xalların sayıdır ki, buna Rusiya yığması ilə sabah Bakıdakı görüş aydınlıq gətirəcək.

Məğlubiyyət Ponomaryovun rekordunu bundan sonra ən azı iki il də əlçatmaz edəcək. Heç-heçə Foqstun 49 yaşlı olimpiya çempionumuzun rekorduna şərik olacağı deməkdir. Qələbə isə rəsmi oyunlarda səfərdə ilk qələbəmizi qazanan Foqtsun milli komandamızın tarixində növbəti rekorda imza atacağını reallaşdıracaq. Yəni indiyə kimi heç vaxt bir seçmə mərhələdə iki qələbə qazanmamış, 7 xal toplamamışıq və alman mütəxəssis bu baxımdan rekord etmək üçün əla şans əldə edib.

Ponomaryov kimi milli komandamızın digər baş məşqçisi Şahin Diniyev də seçmə mərhələdə 5 xal toplamaqla rekorda şərikdir. Fərq 43 yaşlı bu mütəxəssisin 2008-ci il Avropa çempionatının seçmə mərhələsində işini sonacan çatdırmamağı, axıra iki görüş qalmış istefa verməsi ilə bağlıdır. Ancaq onu yığmamızın baş məşqçi postunda əvəzləyən makedoniyalı mütəxəssis Qyoko Hacıyevski hər iki oyunda (Finlandiyaya səfərdə 1:2, Belçikaya evdə 0:1) uduzmaqla rekorda nail ola bilmədi.
0