“O, təkcə şerləri gözəl oxumur, özü də yazır” - MÜSAHİBƏ
13.10.2009 - 17:27
“O, təkcə şerləri gözəl oxumur, özü də yazır” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun Rusiya mətbuatına müsahibəsi

- Vaqif, cəmi 20 yaşınız olsa da, artıq əsas yığmada hesabınızda 23 oyun var. Bu, haradandır?
- Mən milli komandada 16 yaşdan oynayıram. Yavaş-yavaş yığılıb.

- Bəs hansı xidmətlərinizə görə sizi artıq 16 yaşda yığmaya çağırdılar?
- Yəqin ki, Moskva MOİK-ində məşq etdiyimə görə. Hər halda, azərbaycanlı futbolçunu Rusiyanın aparıcı klubuna hər zaman çağırmırlar.

- MOİK-in skautları sizə necə göz qoydu?
- Moskvaya özüm gəldim. Əmim 1982-ci ildə Moskvanın “Dinamo” klubunda oynayan İsgəndər Cavadovdur. Atam Füzuli Cavadov uzun illər “Neftçi” və “Rostov”da oynayıb. Buna görə də onlar qərara gəldilər ki, ən yaxşısı futbolla Rusiyada məşğul olum. Məni artıq 11 yaşımda Rusiya paytaxtına apardılar. MOİK də məni elə orada tapdı.

- Niyə MOİK-də möhkəmlənmədiniz?
- Özüm getdim. Hərçənd, hər şey mənim üçün heç də pis getmirdi. Öz yaşıdlarım arasında əvəzedici komandaya ilk olaraq mən düşdüm. Bir il ərzində baş məşqçimiz Yuri Acem məni ikinci komandaya apardı. Halbuki, həmin vaxt cəmi 17 yaşım vardı. Ancaq inkişaf etmək lazım idi. Mən əvəzedici komandada “sürünmək” istəmədiyimdən getməyi qərara aldım.

- Ancaq MOİK-dən Azərbaycana qayıtmaq istedadlı hücumçunun səviyyəsi deyil...
- Əvvəldən Türkiyədə yaxşı variantım var idi. Bir klub məni almaq istəyirdi və hətta ilkin anlaşma imzaladıq. Ancaq sonradan məlum oldu ki, məni pulda aldatmaq istəyirdilər. Buna görə də rəsmi müqavilə imzalamayıb, vətənə döndüm.

- MOİK-ə əsas komandada heç bir şans verilmədiyi üçün incikliyiniz qalıbmı?
- O vaxt bu komandanın hücum xəttində Jo və Vaqner Lav çıxış edirdi. Elə həmin dövrdə onları Braziliya yığmasına dəvət etməyə başladılar. Mən onlarla necə bəhsləşə bilərdim? Ancaq indi hər şey dəyişib. 1991-ci il təvəllüdlü Sennikov artıq əsas heyətdə oynayır. Digər gənc futbolçular da əsas komandaya ayaq açır.

- Azərbaycan yığmasının yeni ulduzu necə istirahət edir?
- Buna vaxt yoxdur. Son dörd ayda evdə dörd dəfə olmuşam. Bütün vaxtımı futbol aparır. Avroliqada “Qarabağ”la səs-küy doğurduq. “Rusenborq, “Tvente”, “Honka” ilə oynadıq. Ümumiyyətlə, boş vaxtım olanda Xəzər dənizinin sahilində gəzməyi, yaxud atamla kafeyə getməyi, çay stolu ətrafında söhbətləşməyi xoşlayıram.

- Bildiyimə görə, yığmanızın əsas qapıçısının qeyr-adi hobbisi var. O, azərbaycanlı şairləri əzbərdən deyir.
- O, təkcə şerləri gözəl oxumur, özü də yazır. Bizdə ənənəvi poeziya forması – meyxana var. Bu, demək olar müasir rep kimidir.

- Milliləşən braziliyalı komanda yoldaşınız Ernani Pereyra əsl kinomandır..
- Bəli, bizdə hamı kinomandır! Elə mən də kinonu çox sevirəm. Sevimli aktyorum Riçard Girdir. Əlbəttə, bir də Antonio Banderas. O, bizim kimi cənubludur, aktivdir.

- Rusiya yığmasında kumirləriniz var?
- Ümumilikdə yoxdur. Ancaq rəqiblərə hörmətlə yanaşıram. Misal üçün MOİK-də Yuri Jirkov haqda heç kim heç vaxt pis söz deməyib. Bu, nəsə deyir. Elə Arşavin də indi “Arsenal”da oyunu ilə hər şeyi sübut edir.

- Yeri gəlmişkən, Arşavin Almaniya ilə oyundan sonra deyib ki, Bakıya səfər turistik xarakter oldu...
- Qoy Rusiya yığması üçün belə də olsun. Qoy bizim şəhərə baxsınlar, biz isə futbol oynayacağıq. Qələbə qazanaq, onda görək Arşavin nə deyəcək. Şəxsən mən Andreyə şəhərin mərkəzində bir neçə yerə baxmağı tövsiyə edirəm. İlk növbədə Qız Qalasına baş çəkməlidir. Bu qaladan bir bakılı gözəl qız özünü bədbəxt məhəbbət üzündən atıb.
0