“Xaqani Məmmədov şərəf və ləyaqətini Ağstafa - Bakı qatarında qoyub”
13.10.2009 - 18:14
“Xaqani Məmmədov şərəf və ləyaqətini Ağstafa - Bakı qatarında qoyub”
“Xaqani Məmmədov şərəf və ləyaqətini Ağstafa - Bakı qatarında qoyub. Bunu mən demirəm, özü öz izahatında göstərib”. Apasport.az saytının xəbərinə görə, bu sözləri hakimlikdən kənarlaşdırılan Babək Quliyev deyib.

Qeyri müəyyən müddətə sevimli peşəsindən uzaqlaşdırılan sabiq FİFA referisi Hakimlər Komitəsi sədrinin ünvanına sərt ittihamlar səsləndirib: “Xaqani Məmmədov günahını boynuna alan və öz izahatı ilə işdən çıxarılan yeganə hakimdir. İndiyə qədər cəzalanan hakimlərdən heç birinin nə günahı sübut olunub, nə izahat yazıblar. Nə Anar Salmanov, nə Zöhrab Qədiyev, nə Məhəmməd Məhəmmədov, nə Munis Abdullayev, nə Anar Niyazov, nə də Babək Quliyev. Xaqani məni Nərimanov rayon məhkəməsinə verib, ancaq vəkili Nizami rayonundan tutub. Açıqlama verib ki, ya həbs, ya təzminat, ya da ictimaiyyət arasında üzr istəməlidir. Mən şərəfimi pula, vəzifəyə, işə satmaram. Təklif etdilər ki, danışmayım, sakit oturum, məni hakimliyə qaytaracaqlar. Nə qədər təsirlər oldu. Ortaya vasitəçilər saldılar, nə bilim, gəl eləmə, danışma, qoy ara sakitləşsin səni qaytaracağıq və s. Çox adam gəldi-getdi, amma onların arasında çox hörmət etdiyim bir qadın da var idi. Heç onun sözünü eşitmədim. Vəkilim var, özü də Ramin Musayevin (Peşəkar Futbol Liqasının prezidenti – red) Xaqani Məmmədov üçün tutduğu vəkilin təmsil olunduğu 6 nömrəli hüquq məsləhətxanasındandı. Bunu elə belə də yazın, Ramin Musayevin Xaqani üçün tutduğu vəkil. Normativi verə bilməyib, hətta normativlərdə iştirak etməyib təyinat alan hakimlərimiz var. Xaqani Məmmədov kişidirsə, çıxıb desin ki, yoxdur”.

Quliyevin fikrincə, Ramin Musayevlə Xaqani Məmmədov Azərbaycan hakimliyinin evini yıxıblar: “Mən onlarla işləyə bilmərəm. Çünki bu insanlar Azərbaycan hakimliyinin evini yıxdılar. Hakim xiyar deyil, atasan torpağa özü yetişə. Hakim yetişdirmək illərin işidir, çox böyük zəhmət tələb edir. O gənclərin karyerasını məhv eləyir Xaqani Məmmədov. Hanı o gənc perspektivi uşaqlar. Hamısının karyerasının üstündən xətt çəkdi. Hanı Əliyar? Çox perspektivli uşaqdır, amma alınmayacaq. Əvvəla, yaşı çatmır, ikincisi əsgərliyə getməyib. İndidən də buraxırlar ortalığa məhv eləyirlər. Yetişmişdi də, hakim. İstedadlar qrupuna düşmüşdü, müstəqillik dövrünün ən böyük uğuruna imza atmışdı, neylədiniz? Siz Babək Quliyevə zərbə vurmadınız, Azərbaycan futbolunu geri saldınız. Gedin futbolu öyrənin, ay Ramin Musayev”.

Mənbə: ultrasport.az
0