Elxan Məmmədov: Berti Foqts tələblərimizin çoxunu yerinə yetirib - MÜSAHİBƏ
14.10.2009 - 18:00
Elxan Məmmədov: Berti Foqts tələblərimizin çoxunu yerinə yetirib - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun lent.az saytına müsahibəsi

- Bu gün keçiriləcək Azərbaycan – Rusiya matçı ilə bağlı hansı fikirdəsiniz?
- Rusiya millisi Bakıya əsas heyətlə gəlib. Rəqibimizin meydançaya əsas futbolçularla çıxacağı gözlənilir. Bu gün Rusiya Futbol Federasiyası nümayəndələrinin şagirdlərlə görüşünə futbolçuların da qatılacaqları gözlənilirdi. Lakin Rusiya millisinin baş məşqçisi Qus Hiddink buna icazə verməyib. Bütün bunlar şimal qonşularımız 2010-cu il dünya çempionatının seçmə qrup matçına çox ciddi yanaşdıqlarını göstərir. Öz tərəfimizdən millimizin layiqli oyun nümayiş etdirəcəyini deyə bilərəm. Bütün azarkeşləri bu günkü oyuna dəvət edirəm. İnanıram ki, onlar fəal şəkildə millimizi dəstəkləyəcəklər. Çünki biz birlikdə güclüyük.

- Oyunun təhlükəsizliyini nə qədər polis əməkdaşı qoruyacaq?
- Hər zaman olduğu kimi, Azərbaycan – Rusiya matçında da təhlükəsizlik yüksək səviyyədə olacaq. Polis əməkdaşları ilə yanaşı, daxili qoşunlar, özəl mühafizə şirkəti və könüllülərin dəstəyi ilə bu qarşılaşmanın təhlükəsizliyi lazımi qaydada qorunacaq. Artıq bununla bağlı iclas olub. Ümumilikdə 1500 polis əməkdaşının stadiona cəlb olunması qərara alınıb.

- Yığmamızın baş məşqçisi Berti Foqtsla yeni müqavilənin imzalanacağı haqda xəbərlər yayılıb. Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- Berti Foqtsun AFFA ilə mövcud müqaviləsi ilin sonunda başa çatır. Oktyabrın sonları-noyabrın əvvəllərində onun anlaşmasının uzadılıb-uzadılmaması ilə bağlı müzakirələr aparılacaq. Təbii ki, Foqtsla da görüşlər keçiriləcək. AFFA tərəfindən də hesabat hazırlanaraq, İcraiyyə Komitəsinə təqdim olunacaq. Sonra isə AFFA prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri müvafiq qərar qəbul edəcəklər.

- Azərbaycan – Rusiya matçının nəticəsi yeni müqavilə məsələsinə hər hansı təsir göstərə bilərmi?
- Açığı, Foqtsun işinə ümumilikdə baxılacaq. Bu, bir-iki oyunun nəticəsindən asılı olmayacaq. Biz 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində yığmamıza cavan futbolçuların cəlb olunmasının şahidi olduq. 2008-ci il Avropa çempionatının seçmə tsiklində yığmamızın orta yaş həddi 28 idisə, hazırda 23 yaşa düşüb. Bu, bir daha göstərir ki, AFFA-nın siyasəti, strategiyası gələcəyin komandasını hazırlamaqdan ibarətdir. Bu komanda ilə 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə hazırlaşacağıq. Foqtsun rəhbərliyi altında çıxış edən futbolçularda fiziki hazırlığın necə inkişaf etməsinə baxılacaq. Futbolçuların özləri ilə söhbətlər aparılacaq. Artıq futbolçularla söhbətlərə başlanılıb. Çünki Berti Foqts milli komandanın baş məşqçisi kimi hər gün futbolçularla görüşür, onlarla birgə hazırlıq keçir. Bu səbəbdən, millimizin oyunçularının da fikri bizim üçün çox vacibdir. Artıq bu təcrübədən müxtəlif ölkələrdə istifadə olunur. Millinin bəzi üzvlərinin fikirlərini öyrənirlər. Ona görə futbolçuların fikirlərini də nəzərə alacağıq. Çünki mətbuat və azarkeşlərdən fərqli olaraq, futbolçular gündəlik Berti Foqtsun rəhbərliyi altında məşq edirlər.

- Futbolçular, məsələn, Berti Foqtsun fiziki yükləmələrinə dözə bilmədiklərindən, onun əleyhinə danışa bilərlər...
- Hər halda son qərarı futbolçular yox, AFFA-nın prezidenti və İcraiyyə Komitəsinin üzvləri verəcəklər.

- Foqtsa verilən əmək haqqının məbləğindən və baş məşqçinin Azərbaycanda az-az olmasından narazılıqlar var...
- Açığı, maaşla bağlı mətbuatda səsləndirilən məbləğ həqiqəti əks etdirmir. Bunu mən tam səmimi və şəffaf deyə bilərəm. Əmək haqqının həcmi konfidensial saxlanılır. AFFA ilə Berti Foqts arasında olan razılığa əsasən, baş məşqçimizin maaşı və gəliri ictimaiyyətə açıqlanmır. Danışıqlar zamanı Foqts öz şərtlərini təklif edə bilər. Bizim də öz şərtlərimiz var. Amma hazırda şərtləri açıqlamaq düzgün olmazdı. Təbii ki, yeni müqavilə yeni şərtlərlə imzalanır.

- Ola bilərmi ki, danışıqlar zamanı AFFA-nın tələbləri sərtləşdirilsin?
- Biz ilk müqavilədə də çox ciddi tələblər qoymuşuq.

- Onları yerinə yetiribmi?
- Demək olar ki, bəli. Çoxunu yerinə yetirib. Söhbət tələblərin sərt və ya yumşaqlığından getmir. Biz ümumiyyətlə, məsələyə köklü yanaşırıq. Azərbaycanda futbolun sağlam təməlini qoymaq lazımdır. Biz də son iki ildə bununla məşğul idik. Yəni, aşağı yaş qrupları üzrə yığmalarımızın, klublarla əməkdaşlığın yeni strategiyası, lisenziyalaşdırma, futbolun təbliğatı, orta məktəblərdə futbol dərslərinin tətbiqi, əcnəbi mütəxəssislər dəvət etməklə hakimlər üçün kursların təşkili kimi işlər görmüşük. Gələn aydan 13, 15 yaşlılar arasında ölkə çempionatı keçirilməyə başlayır. Bir sözlə, hərtərəfli, sağlam fundament qoyulur. Biz indidən bunu etməliyik ki, 10 ildən sonra əldə edilən nailiyyətlərin vaxtilə düzgün təməl qoyulmasının nəticəsi olduğunu desinlər.