Elxan Məmmədov: Yığmanın futbolçularına zarafatla deyirdim ki...
15.10.2009 - 01:08
Elxan Məmmədov: Yığmanın futbolçularına zarafatla deyirdim ki...
“Milli komandamız Rusiyaya qarşı çox yaxşı oyun nümayiş etdirdi. Buna görə çox şadıq. Yığmamızın çətin görüşdə layiqli mübarizə aparıb, bir xal qazanması münasibətilə Azərbaycan futbolsevərlərini, azarkeşləri təbrik edirəm”. Bu sözləri dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan - Rusiya (1:1) matçından sonra apasport.az saytına açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, ruslar üzərində qələbə qazanmaq şansımızın böyük olduğunu bildirib: “Bəzi epizodlarda Rusiya yığmasını geridə qoyurduq. Təbii ki, qalib gəlmək şansımız var idi. Rəqib qapıçı İqor Akinfeyev yaxşı oynayıb, bir neçə dəfə komandasını qoldan xilas etdi. Amma bizim qapıçımız Kamran Ağayev ondan da yaxşı oyun göstərdi”.

Son iki rəsmi matçda milli komandamızın 4 xal qazanmasını yüksək nəticə kimi qiymətləndirən Məmmədov futbolçularla zarafat etməsindən də danışıb: “Mən hətta yığmanın futbolçularına zarafatla deyirdim ki, seçmə mərhələyə belə başlasaydıq, Cənubi Afrika Respublikasına yollanmağa əsas namizədlərdən biri olacaqdıq”.

Assosiasiyanın baş katibi “Bu oyundan sonra əminliklə demək olarmı ki, Berti Foqts öz postunda qalacaq” sualını isə belə cavablandırıb: “Bunu indidən söyləmək tezdir. İcraiyyə Komitəsinin qərarından sonra bu məsələyə aydınlıq gələcək”.
0