Platini Türkiyədə Azərbaycan futbolundan danışdı – MÜSAHİBƏ
15.10.2009 - 12:29
Platini Türkiyədə Azərbaycan futbolundan danışdı – MÜSAHİBƏ
UEFA prezidenti Mişel Platini Bursa Atatürk stadionunda keçirilən Türkiyə - Ermənistan görüşündən sonra apasport.az saytına eksklüziv müsahibə verib. İş qrafiki sıx olduğundan əməkdaşımıza qısa vaxt ayıran Platini sualları həvəslə cavablandırıb.

- Türkiyə - Ermənistan oyunu barədə nə demək istərdiniz? Bu matç bölgədə sülhün yaranmasına nə dərəcədə kömək edəcək?
- Mən siyasətçi deyiləm. Futbol mənim üçün bir oyundur. Mən fransızam və Türkiyə, Ermənistan, Azərbaycan arasındakı problemlərdən xəbərim yoxdur. Buna görə də məni bu problemlərdən çox futbolun gələcəyi maraqlandırır. İndiki nəsil keçmişlə daha çox məşğul olmağı sevir. Ancaq məncə, biz keçmişin sıxıntılarından xilas olub müştərək gələcəyi necə qurmaq barədə düşünməliyik. Mən Türkiyəyə elə buna görə gəlmişəm - bütün insanların müştərək gələcək qurması istiqamətində mesaj vermək üçün.

- Azərbaycanda futbolun inkişaf problemləri barədə nə demək istərdiniz?
- Sizin idman nazirini və AFFA prezidentini yaxşı tanıyıram. Futbolu inkişaf etdirmək üçün onların ən yaxşı səviyyədə iş görmək istədiklərinə inanıram. Futbol onu idarə edənlərin yox, oyunçuların məsələsidir. İşlər yaxşı getməyəndə naziri və ya federasiya prezidentini günahlandıra bilərsiniz. Ancaq bilmək lazımdır ki, futbol əsas etibarilə oyunçuların işidir.

- Azərbaycan milli komandasını dünya və Avropa çempionatlarının seçmə mərhələ oyunlarında aşağı yerlərdə görürük. Sizcə, bunun günahı təkcə futbolçulardadırmı?
- Mən Azərbaycanda futbolun tədricən inkişaf edəcəyinə inanıram. Buna ümidim böyükdür. Mənim üçün Azərbaycan futbolunun taleyi Fransa futbolunun taleyi qədər önəmlidir. Ancaq mənim əsas işim uşaqların futbolu öyrənməsinə kömək etməkdir. İdman naziri, Futbol Federasiyası bunun üçün maddi dəstək verir, uşaqlara futbol oynamaları üçün ayaqqabı, forma alır, stadionlar tikdirir. Bu arada sizin komandanız Rusiya ilə oynadı. Hesab da 1:1 oldu. Qolu da Cavadov vurdu. Görürsənmi, bəzən siyasi məsələlərdən uzaqlaşıb idmanla yaxından maraqlanmaq lazımdır...
0