Mərkəzi arenamızda 931 günlük həsrət bitdi
15.10.2009 - 13:09
Mərkəzi arenamızda 931 günlük həsrət bitdi
Azərbaycan yığmasının Tofiq Bəhramov adına Respublika stadionunda 31 aylıq sindromu qırıldı. Apasport.az saytının hesablamalarına görə, milli komandamıza baş arenada keçirdiyi rəsmi oyunda növbəti qolu gözləmək üçün 931 gün gözləmək lazım gəldi.

Bu, yığmamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsində Rusiya milli komandası ilə oktyabrın 14-də 1:1 hesabı ilə nəticələn görüşündə reallaşdı. Həmin qolun müəllifi 54-cü dəqiqədə rusların qapısına yol tapan 20 yaşlı hücumçumuz Vaqif Cavadov oldu. Buna qədər sonuncu qolumuzu isə 2007-ci ilin martın 28-də Finlandiya yığmasını 1:0 hesabı ilə məğlub etdiyimiz görüşdə vurmuşduq. Maraqlıdır ki, həmin qolun müəllifi olan 29 yaşlı yarımmüdafiəçi Emin İmaməliyev də hazırda Cavadov kimi Ağdamın “Qarabağ” klubunda çıxış edir. Həmin vaxt isə Emin Bakının “İnter” klubunun kapitanı idi.

Qeyd edək ki, milli komandamız evdə qolsuzluq həsrətinə Rusiya ilə görüşə qədər cari seçmə mərhələdə son qoymuşdu. Bu, sentyabrın 9-da Finlandiya yığması ilə 1:2 hesabı ilə uduzduğumuz görüşdə gerçəkləşmişdi. Özü də həmin vaxt da buna “Qarabağ”ın futbolçusu, 21 yaşlı yarımmüdafiəçi Elvin Məmmədov nail olmuşdu. Ancaq fərq ondadır ki, bu qol Bakıda Respublika stadionunda yox, Lənkərandakı mərkəzi arenada baş verib.
0