Yığmamızın baş məşqçisi: İnanın ki, Rusiyada da belə şey yoxdur – MÜSAHİBƏ
15.10.2009 - 15:43
Yığmamızın baş məşqçisi: İnanın ki, Rusiyada da belə şey yoxdur – MÜSAHİBƏ
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarovun apasport.az saytına müsahibəsi

- Yığmamız Tehranda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində oktyabrın 16, 18 və 20-də İranla 3 yoldaşlıq matçında qüvvəsini sınayacaq. Bu oyunların təşkilində əsas məqsəd nədir?
- Futbolun istənilən növündə əsas məqsəd qələbə qazanmaqdır. İrana gənc oyunçuları sınamaq üçün yollanırıq. Gəncləri həm öyrətmək, həm də özlərini göstərməkdən ötrü heyətə cəlb etmişəm. Hələ vaxtımız var, hava şəraiti təlim-məşq toplanışları keçirməyimizə imkan verir. Bu məqsədlə biz uzağa yox, qonşu ölkəyə gedirik. İnşallah, səfərdən yaxşı nəticələrlə dönərik.

- Gənc futbolçuların səviyyəsi siz qane edirmi?
- Açığı, biz onlarla ikinci dəfədir təlim-məşq toplanışına yığışırıq. Bir məşqçi kimi ümumilikdə, onlardan razıyam. Sadəcə, onları lazımi səviyyəyə çatdırmaq üçün bir qədər vaxt lazımdır. İndi hazırlaşırıq, məşq edirik, uşaqları tərbiyələndiririk. Onlar yazda əsas komandaya çağırılacaqlar.

- Gələcəkdə təcrübəli futbolçuları yenə milli komandaya çağıracaqsınız , yoxsa onların xidmətinə ehtiyacınız olmayacaq?
- Əlbəttə. Təcrübəli oyunçuları kimsə yığmadan çıxarmayıb, buraxmayıb. Onlardan bəziləri bizimlə birgə Tehrana yollanır. İrana aparılan heyətdə gənclərə üstünlük verməklə çalışırıq ki, onlara milli komanda, rəqib, təlim-məşq toplanışı anlayışlarını aşılayaq.

- İranla oyunlardan hansı nəticəni gözləyirsiniz?
- Onlar Asiya çempionudur, dünya çempionatının final mərhələsinə hazırlaşırlar. Yəni, qarşıdakı matçlarda onların öz vəzifələri var, bizim isə öz vəzifələrimiz.

- Yoldaşlıq görüşlərində sizin üçün nəticə önəmlidir, yoxsa oyun? Adətən belə qarşılaşmalarda nəticə arxa plana keçir.
- Bizdə belə deyil. Uşaqlar iddialıdır, onlar rəqibə qarşı layiqli müqavimət göstərmək istəyirlər. Təbii ki, bir məşqçi kimi, mən oyunçulara baxacağam, qeydlər, təhlillər aparacağam. Biz İrana sadəcə, vaxt keçirməyə getmirik. Qonşu ölkədə Azərbaycanı təmsil edəcəyik. Oynayıb, özümüzü təsdiqləmək niyyətindəyik. Aydın məsələdir ki, heyətdə cavan futbolçular yer alıb, top isə yumrudur, uda da bilərik, uduza da.

- Milli komandaya yaradılan şəraitdən razısınızmı?
- Mən AFFA və Çimərlik Futbolu Federasiyası rəhbərliklərinin yaratdıqları şəraitdən tam razıyam. Öz doğma ölkəmdə çalışdığım üçün şadam. Təlim-məşq toplanışlarından da razılığımı bildirirəm. Yığmadakı futbolçuların püxtələşməsi naminə çalışırıq. Burada əla şərait var. İnanın ki, Rusiyada da belə şey yoxdur. Qışda onların hamısı istirahət edir. Biz isə ilboyu çalışırıq, hazırlaşırıq, ciddi rəqiblərlə gücümüzü yoxlayırıq.

- Bu yaxınlarda rəhbərlik sizinlə müqavilənin müddətini daha bir illiyə uzadıb. Qarşınıza hansı vəzifə qoyulub?
- Şəxsən, mən mehriban, güclü, idman termini ilə desək mobil komanda yaratmaq niyyətindəyəm. İstəyirəm ki, həm fiziki, həm də taktiki cəhətdən elə bir komanda yaradaq ki, dünya səviyyəsində utanmayaq. Bizim yaxşı nəticələrimiz çoxdur, lakin bəzən məğlub da olmuşuq. Bu nəticələrin hamısının müsbət olması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
0