Vaqif Cavadov = Nazim Süleymanov
15.10.2009 - 16:08
Vaqif Cavadov = Nazim Süleymanov
Dünya çempionatının seçmə qrup mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Rusiya ilə oyunda Azərbaycan yığmasının bərabərlik qoluna imza atan Vaqif Cavadov Nazim Süleymanovun rekordunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, milli komandamızın seçmə mərhələlərdə çıxış etdiyi 15 illik tarixində indiyədək ardıcıl iki rəsmi matçda yalnız bu iki hücumçu qol vurub.

20 yaşlı Cavadov 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə səfər (10 oktyabr, 2:0) və Rusiya ilə evdəki (14 oktyabr, 1:1) görüşlərdə rəqib qapısına yol tapıb. Bir neçə il öncə futbolçu karyerasını bitirmiş, hazırda gənclər yığmamızda məşqçi işləyən Süleymanov 1996-cı il Avropa çempionatının seçmə mərhələsində fərqlənib. Həmin vaxt, yəni 1995-ci ildə 30 yaşı olan hücumçu martın 29-da Slovakiya ilə Koşitse, aprelin 26-da isə rumınlarla ev oyunlarımızı keçirdiyimiz Trabzon şəhərində qol vurub. Bu görüşlərin hər ikisi yığmamızın 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib.

Cavadovun Süleymanovdan üstünlüyü ardıcıl iki qolu qısa müddətə, yəni 4 gün ərzində vurması və buna həmkarı ilə müqayisədə gənc yaşda nail olmasındadır. Vaqifin qapısına yol tapdığı İqor Akinfeyevlə bağlılığı da var. Məsələ ondadır ki, Cavadovla Akinfeyev uzun müddət eyni klubun, yəni Moskva MOİK-inin şərəfini qoruyub. Düzdür, Vaqif əvəzedici heyətdə çıxış etdiyi üçün İqorla eyni komandada oynamayıb.

Vaqif 2006-cı ildən üzvü olduğu milli komandamızda vurduğu qolların sayı 4-ə çatdırdı. Bu vaxta qədər Cavadov kimi, bir seçmə mərhələdə iki qol vuran futbolçularımız olub. Yeri gəlmişkən, cari seçmə mərhələdə digər iki qolu da bir futbolçu vurub və Elvin Məmmədov də “Qarabağ”ın oyunçusudur. Bir seçmə mərhələdə 2-dən çox rəqib qapısına yol tapmış futbolçumuz da var ki, həmin rekordçu Vaqiflə Elvinin klubundakı baş məşqçisi, yəni “Qarabağ”ın 37 yaşlı çalışdırıcı Qurban Qurbanovdur. Veteran hücumçu 31 yaşında, 2004-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya yığması ilə hər iki oyunda (səfərdə 2:2, evdə 2:1) qol vurub. Milli komandamızda oynadığı dövrdə 14 dəfə rəqibi cəzalandırmış Qurbanov böyük fərqlə bombardirdir. Təsadüfi deyil ki, onun ən yaxın izləyiciləri serbiyalı Branimir Subaşiçlə Zaur Tağızadənin hesabında cəmi 6 qol var.
0