Bukmeker kontorundan 13 min manat udan futbolçumuz AFFA-ya çağırılacaq
15.10.2009 - 18:06
Bukmeker kontorundan 13 min manat udan futbolçumuz AFFA-ya çağırılacaq
“Heç bir futbolçu və futbolla bağlı insan bukmeker kontorunda, totalizatorda oynaya bilməz. Çünki bu, ədalətli oyun prinsiplərinə, FİFA qaydalarına uyğun deyil”. Bu sözləri Lent.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanovun bukmeker kontorunda 13 min manat udmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi yenicə başa çatıb. Bundan sonra Çertoqanov AFFA-ya çağırılacaq və onunla söhbət aparılacaq: “Təbii ki, ondan belə xəbərlərin yayılmasının səbəbini soruşacağıq. Açığı, bizim futbolçuların totalizator oynadıqlarına inanmıram. Çertoqanov peşəkar futbolçudur, uzun müddətdir ki, peşəkar səviyyədə futbol oynayır. Belə qeyri-peşəkarlığa yol verəcəyinə inanmıram. Çünki bu, birbaşa futbolumuza zərbədir”.

Qeyd edək ki, yığmamızın futbolçusunun bukmeker kontorunda 4 oyuna min manat məbləğində pul qoyuluşu etdiyi və əvəzində 13 min manat udduğu haqda məlumatı ilk dəfə Lent.az yayıb. Sonradan ultrasport.az saytı həmin futbolçunun Aleksandr Çertoqanov olduğunu yazıb.
0