Arşavin: İfadələrimdə Azərbaycan yığmasına kinayə olmayıb
16.10.2009 - 11:01
Arşavin: İfadələrimdə Azərbaycan yığmasına kinayə olmayıb
“Başa düşmürəm, Azərbaycanla oyun öncəsi söylədiklərim fikirlərə belə reaksiya birdən-birə haradan çıxdı? Mən yalnız bir şeyi nəzərdə tuturdum: Bakıdakı oyun Rusiya yığması üçün hər cür turnir əhəmiyyətini itirib. İfadələrimdə Azərbaycana, yaxud onun yığmasına kinayə ümumiyyətlə, yox idi. Əgər kimsə, bunu düzgün başa düşmürsə, mən nə edə bilərəm?” Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Andrey Arşavin deyib.

2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin son oyununda Bakıda Azərbaycan yığması ilə matçda (1:1) komandasının yeganə qoluna imza atan 27 yaşlı hücumçu həmin oyunla bağlı növbəti dəfə fikirlərini bölüşüb. Kapitan bildirib ki, Bakıya səfərlərinin turistik xarakter daşımasını deməklə, Azərbaycanla görüşə yuxarıdan aşağı baxmaq fikrində olmayıb: “Azərbaycanla oyunda vəziyyət klassik idi. Onların komandası daha güclü rəqiblə, özü də azarkeşlərinin çılğın dəstəyi qarşısında gözəl oyun göstərməyi çox istəyirdi. Buna görə də hadisələrin belə axarı məndə azərbaycanlılarla bağlı təəccüb doğurmadı. Prinsipcə, Azərbaycanla qarşılaşmanın gözlədiyimdən ağır olduğunu deyə bilmərəm. Onların bizimlə görüşə xüsusi kökləndiyini, böyük istəyin, həddən artıq emosiyaların olduğunu və bunun hesabına nəticə əldə etməyə səy göstərilməsini gözləmək olardı. Biz də qələbə qazanmaq istəyirdik və hərə öz imkanları daxilində buna çalışırdı. Bakıda qələbə qazanmadıqsa, bu, meydanda mövqe səhvlərimizlə bağlı idi. Biz rəqibə həddən artıq sərbəstlik verirdik və onlar da bundan istifadə etdilər. Əsas heyətimizin bir neçə futbolçusu olmadığımdan, kollektivdə dəqiq anlaşma yox idi”.

Arşavinin qənaətincə, milli komandamızla oktyabrın 14-dəki görüş Rusiya yığmasının cari seçmə mərhələdə ən zəif oyunlardan biri olub: “Bizim belə məzmunsuz daha bir oyunumuz da oldu - Lixtenşteynlə səfər görüşü. Ancaq həmin vaxt qələbə hər şeyi ört-basdır etdi. Təəssüf ki, Bakıdakı heç-heçə seçmə mərhələ haqda ümumi təəssüratları biz az pozdu. Ancaq bu, pley-off oyunlarına daha mütəşəkkil hazırlaşmağa imkan verir. Ancaq məsələnin digər tərəfi da var. “Əgər Azərbaycanla bacarmadıqsa, onda güclü yığmalarla nə işimiz var” kimi qorxu düşüncələr yaranmasın”.
0