Azərbaycan FİFA-nın reytinq siyahısında 14 pillə yüksəldi
16.10.2009 - 12:14
Azərbaycan FİFA-nın reytinq siyahısında 14 pillə yüksəldi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların oktyabr üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə böyük irəliləyiş edən Azərbaycan yığması siyahıda 14 pillə irəliləyib.

Hesabında 213 xal olan komandamız indi 125-ci pillədədir. Almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırdığı yığmamız reytinq hesablanan müddətdə keçirdiyi 4 oyunda 4 xal toplayıb.

Bakıdakı heç-heçə və bundan 4 gün öncə öz meydanında Almaniyaya məğlubiyyət ruslara 6 pillə geriləmək bahasına başa gəlib. 12-ci pilləyə düşən şimal qonşularımızın hesabında 982 xal var. Bir pillə geriləyərək, 5-ci yerdə qərarlaşan Almaniya 1161 xala malikdir.

Lixtenşteynin yığmamıza və bundan 4 gün sonra Uelsə evdə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, 8 pillə irəliləməyi diqqət çəkir. 143-cü pilləyə yüksələn “cırtdan ölkə”nin təmsilçisinin hesabında 139 xal var. Artıq başa çatan dünya çempionatının seçmə mərhələsindəki digər rəqiblərimizdən Finlandiya 4 pillə irəliləyibsə (57-ci yer, 606 xal), Uels (78-ci yer, 418 xal) 10 pillə geriləyib.

Reytinq cədvəlinə yenə də beşqat dünya çempionu Braziliya (1632 xal) başçılıq edir. Sonrakı iki yerdə qərarlaşan İspaniya (1629 xal) və Hollandiya (1340) yığmaları mövqelərini qoruyub. 2010-cu il dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilməyən Türkiyə 12 pillə geriləyib. 39-cu yerə düşən “ay-ulduzlu” komandanın 737 xalı var.
0