Yığmamızın baş məşqçisi: Təzyiqdən azad olmuşam – MÜSAHİBƏ
16.10.2009 - 12:35
Yığmamızın baş məşqçisi: Təzyiqdən azad olmuşam – MÜSAHİBƏ
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert AFFA-nın saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis yığmamızın Avropa çempionatının I seçmə mərhələsinin İsraildə keçirilən oyunları haqda fikirlərini açıqlayıb.

- Avropa çempionatının ilkin qrup mərhələsi çərçivəsində keçirilən çətin oyunlardan sonra özünüzü necə hiss edirsiniz?
- Əlbəttə, təzyiqdən azad olmuşam. Qazandığımız nəticələr Azərbaycan futbolunun tarixində mühüm hadisədir.

- U-19 tarixi ərzində ilk dəfə olaraq ardıcıl 2 qələbə qazanaraq elit raunda vəsiqə qazandı. Bunu sürpriz kimi qəbul etmək olarmı?
- Əgər qrup mərhələsinin aşkar autsayderisənsə, əlbəttə, bu nəticəni sürpriz kimi qəbul etmək olar. Komandanın əsas heyətində yer alan futbolçulardan təxminən beşi heç rəqiblərimizin heyətində “18-lik”ə düşə bilməzdilər. Bunu deməklə uşaqları cılızlaşdırmaq və ya kiçiltmək istəmirəm. Sadəcə, ümumi komanda işindən söhbət gedir. Yəni belə zəif futbolçular da komandanın uğuru üçün maksimum əmək sərf edib. Turnirdə komanda üzvləri bacarıqlarından da artığını reallaşdırıb, qaynayıb-qarışıblar. Seçmə mərhələ oyunlarında U-19 özünü əsl komanda kimi göstərdi.

- Bəs keçirilən 3 oyun barədə nə deyə bilərsiniz?
- Birinci oyunda komanda üstün səviyyədə çıxış etdi. Hesabı açmaqla işimizi xeyli yaxşılaşdırdıq. Çünki bu yaşda futbolçulardan ibarət komandaların, həm də isti hava şəraitində oyunun axarını dəyişməsi çox çətindir. Ümumiyyətlə, həm İsrail, həm də Polşa ilə qarşılaşmalarda ilk qolu biz vurduq və yekunda meydanı qalib tərk etdik. Danimarka ilə matç bütün reallıqları üzə çıxardı. Onlar bizdən çox güclü idilər. Fikrimcə, Danimarka yığması layiqli qələbə qazandı. Skandinaviya təmsilçisi bu gün Avropanın ən güclü komandalarından biridir.

- Komandamız ilk oyundaca 3 qol vurdu. Belə məhsuldarlığı gözləyirdinizmi?
- İsrail yığmasının oyununun videoyazısını izləmişdim. Belə komandaya 3 top vurmaq mənim üçün də yaxşı mənada təəccüblü oldu. Polşa ilə matça isə ilk oyunda qazandığımız böyükhesablı qələbənin yaratdığı psixoloji üstünlüklə çıxdıq. Rəqib də bizə həddən artıq hörmətlə yanaşdı. Bu da işimizi asanlaşdırdı. Çünki rəqib üzərimizə tam cəsarətlə, var gücü ilə gəlməyə cəsarət edə bilmədi.

- İsraillə yığması ilə müqayisədə Poşa komandası ilə oyun daha ağır keçdi...
- Müqayisə etdikdə, Polşa futbolçuları fiziki cəhətdən bizdən qat-qat üstün idilər. Ancaq biz komanda ruhu sayəsində qələbə qazandıq. Təzyiq altında olmağımıza baxmayaraq, sona qədər mübarizə apardıq və bunun bəhrəsini gördük. Bu da komandada birliyin, əzmkarlığın, istəyin yüksək səviyyədə olmasının göstəricisidir.

- Maraqlıdır ki, İsrail və Polşa ilə oyunlarda meydanın hər qarışı uğrunda mübarizə aparan U-19 Danimarka qarşısında heç nə ilə yadda qalmadı. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Polşa ilə oyunda həddən artıq enerji sərf etmişdik. Amma bu, yeganə səbəb deyil. Yəni fiziki cəhətdən yorğun olmağımız görünən səbəblərdən biri idi. Danimarka ilə müqayisə etsək, biz onlardan çox geri qalırıq. Məsələn, onlarda oyun yaradıcılığı fərqlidir, fiziki göstəricilərlə yanaşı, onların oyun təzi də başqadır. Azərbaycanla Danimarka futbolunu müqayisə etmək düzgün deyil. Həm də əvvəlki iki oyunda idman xoşbəxtliyi bizim tərəfimizdə, son oyunda isə əksinə oldu. Qara Qarayev cəzalı olduğundan meydana çıxmadı. Oyunun gedişində isə Mirhüseyn Seyidovu itirdik. Təbii ki, bu itkilər də oyunumuza mənfi təsir göstərdi.

- Yəqin razılaşarsınız ki, komandanın ehtiyat oyunçular skamyası çox zəifdir...
- Bu gün Azərbaycanda 1991-ci il təvəllüdlülər arasında futbol oynayanların sayı 300-ə yaxındırsa, Polşada bu göstərici dəfələrlə çoxdur. Belə olan təqdirdə məşqçilərin seçim imkanları geniş olur. Bir tərəfdən liqaların olmaması, digər yandan isə uşaqların düzgün yetişdirilməməsi bizi fərqləndirən amillərdəndir. Əgər bu gün 300 nəfər arasında seçim edib bu komandanı formalaşdıra bilmişiksə, bu, uğurdur. Hansı ki, həmin komanda seçim imkanı geniş olan Polşa ilə meydanda başabaş mübarizə apardı. Başa düşürəm, azarkeşlər bizdən nəticə tələb edirlər. Lakin bu da faktdır ki, qarşılaşdığımız Avropa ölkələri də yerlərində saymırlar. Onlar da sürətlə inkişaf edirlər.

- Elit raunda hazırlıq necə olacaq? Komandanın üzvləri klublarının əvəzedicilərində çıxış edirlər. Hazırlıq planı necə qurulacaq ki, çempionatın gedişində onları toplanışa cəlb etmək mümkün olsun?
- Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla, eləcə də köməkçilərimlə danışacağam. Bundan sonra hazırlıq planını tərtib edəcəyik.

- Sonda U-17 ilə bağlı sual vermək istərdim. Yığmamızın növbəti mərhələyə yüksəlmək şansını necə dəyərləndirirsiniz?
- U-19 kimi, U-17 də çətin qrupda yer alıb. Rəqiblərimiz İngiltərə və Serbiya yığmalarıdır ki, onlar da Avropanın ən güclü komandalarındandır. Burada bir neçə amil aparıcı olacaq. Birincisi, ilk oyunda hansı nəticə qeydə alınacaq və əgər məğlub olarıqsa, uşaqlar bunu necə həzm edəcəklər. Yəni məğlubiyyət onları “sındıracaq”, yoxsa əksinə, daha da möhkəmləndirəcək. Proqnoz vermək istəmirəm. Ancaq yaxşı nəticə göstərəcəklərinə ümid edirəm.

- Oyunların Bakıda keçirilməsi yığmamıza əlavə üstünlük verə bilərmi?
- Hər yerdə deyirlər ki, meydan sahibi olmaq üstünlükdür. Ancaq bu gün İsrailin baş məşqçisinin meydan sahibi olmaqla bağlı fikirlərini öyrənsəniz, deyəcək ki, heç bir üstünlüyü yoxdur. Əgər U-17 də növbəti mərhələyə yüksəlsə, bu, Azərbaycanda uşaq futbolunun inkişafının göstəricisi olacaq.
0