Şahin Diniyevin rekordu əlçatmazdır! - ARAŞDIRMA
16.10.2009 - 15:18
Şahin Diniyevin rekordu əlçatmazdır! - ARAŞDIRMA
Azərbaycan milli komandasının FİFA-nın son reytinqində 14 pillə irəliləməsi rekordumuz deyil. Apasport.az saytının hesablamalarına görə, yığmamızın ən böyük irəliləyişi 20 pillə olub. Bu, 2007-ci ilin aprelində, 123-cü yerdən 103-cü sıraya yüksəlməkdən zaman təsadüf edib. Həmin vaxt Şahin Diniyevin başçılıq etdiyi kollektiv Finlandiya üzərində Bakıda tarixi qələbə (1:0) qazanmışdı.

İkinci ən yüksək irəliləyiş FİFA-nın reytinq sıralamasına yeni daxil olduğumuz vaxtda baş verib. Dünyanın ali futbol qurumunun reytinq cədvəlində 1994-cü ilin iyununda yer alan yığmamız həmin və sonrakı ayda 170-ci oldu. Sentyabrda seçmə mərhələdə (AÇ-1996) debüt etdiyimiz vaxtda isə birdən-birə 19 pillə irəliləyib, 151-ci yerə yüksəldik. O zaman milli komandamızın baş məşqçisi Ağasəlim Mircavadov idi.

Daha bir irəliləyiş də elə indiki kimi, 14 pilləyə bərabərdir - 1998-ci ilin iyulunda 123-cü yerdən 109-a yüksəlmişik. Bu, Vaqif Sadıqovun baş məşqçisi olduğu dövrə təsadüf edib. Ötən ilin aprelində milli komandamızın baş məşqçisi təyin edilən Berti Foqtsun dövründə FİFA-nın reytinqində ən yaxşı göstəricimiz məhz indi oldu. Aprel reytinqində 119-cü sıradan 137-ci pilləyə geriləmişdik. Ancaq həmin vaxt Foqts iş başında olmadığı üçün bu enişi onun hesabına yazmaq düzgün deyil. 63 yaşlı alman mütəxəssisin dönəmində ən böyük tənəzzül iki dəfə 6 pillə geriləmədir.

Qeyd edək ki, Azərbaycan yığmasının FİFA-nın reytinqdə ən yüksək göstəricisi 97-ci pillədir. Bu, 1999-cu ilin iyununda, dekabrında və 2000-ci ilin yanvarında olub. İlk reytinq zamanı milli komandamıza Əhməd Ələsgərov, sonrakılarda isə Əsgər Abdullayev başçılıq edirdi.

Berti Foqtsun dövründə Azərbaycan milli komandasının FİFA-nın reytinqindəki mövqeyi

2008-ci il

aprel – 137, may – 137, iyun – 133, iyul – 139, avqust – 138, sentyabr – 138, oktyabr – 143, noyabr - 134, dekabr – 134

2009-cu il
yanvar – 134, fevral – 136, mart – 134, aprel – 140, may – 142, iyun – 140, iyul – 139, avqust – 137, sentyabr – 139, oktyabr - 125