“Artıq vacib oyunlar başlayır və hər görüşə qələbə üçün çıxacağıq”
16.10.2009 - 16:34
“Artıq vacib oyunlar başlayır və hər görüşə qələbə üçün çıxacağıq”
“Qarabağ”la oyunun hazırlığına hələ tam heyətlə başlamamışıq. Son vaxtlar yığmada olmuş futbolçularla bu gün axşam bir araya gələcəyik. Tam heyətlə hazırlaşmamaq problem olsa da, bu, bizi çəkindirmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.

O, 14 illik fasilədən sonra flaqmanın sükanı arxasına qayıdışını oktyabrın 19-da Ağdamda yerli “Qarabağ” klubu ilə görüşdə qeyd edəcək. Həm müxtəlif yığmalarımızda, həm də Litva və Estoniya milli komandasında futbolçuları olan “Neftçi” prinsipial rəqibi ilə görüşə çox qısa müddətdə tam heyətlə hazırlaşa biləcək: “Biz Ağdama qələbə üçün gedəcəyik. Bu çətin sınaqdan üzüağ çıxmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Artıq vacib oyunlar başlayır və hər bir görüşə qələbə əzmi ilə çıxacağıq”.

Sadıqov həyəcanın olduğunu gizlətmir: “Həyəcan varsa, deməli, yaşayırıq, çalışırıq, işimizə biganə deyilik. Bütün komanda üzvləri, məşqçilər məsuliyyəti başa düşür. Quzanlıda uğurlu nəticə qazanmaq istəyirik”.

50 yaşlı baş məşqçi buna nail olmaq üçün “Qarabağ”ın sükanı arxasında olan gənc həmkarı Qurban Qurbanovu üstələməlidir. Qurbanovun milli komandamızda rəhbərliyi altında oynadığı çalışdırıcılardan biri də Sadıqov olub: “Qurban mənə yaxşı tanış futbolçulardan olub. Həmişə ona güvənmişəm. Bir futbolçu kimi gözümün qabağında formalaşıb. İndi də baş məşqçi kimi öz sözünü deyir. “Qarabağ”da ən çox xoşuma gələn cəhət komanda oyunudur”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu Quzanlı qəsəbə stadionunda keçiriləcək.