Söyüşün güdazına gedən məşqçi kimdir?
17.10.2009 - 09:59
Söyüşün güdazına gedən məşqçi kimdir?
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradonanı cəza gözləyir. Apasport.az saytının məlumatına görə, FİFA 49 yaşlı əfsanəvi futbolçunu diskvalifikasiya edə bilər. Buna səbəb Maradonanın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması üzərində 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında jurnalistlərin ünvanına söylədiyi nalayiq ifadələrdir.

Həmin qələbə sayəsində birbaşa dünya çempionatına çıxan Argentina yığmasının çalışdırıcı bu münasibətlə yalnız jurnalistləri təbrik etməyib. Canlı futbol əfsanəsi KİV təmsilçilərini hətta ana söyüşləri ilə təhqir edib. Bu isə Maradonaya 5 oyunluq cəza bahasına başa gələ bilər. Artıq FİFA baş məşqçinin bu nalayiq hərəkəti ilə bağlı araşdırmalara başlayıb. Həmin qurumun adı çəkilməyən nümayəndəsinin bildirdiyinə görə, Maradona ya bir neçə oyunluq diskvalifikasiya oluna, ya da ən yaxşı halda, xəbərdarlıqla canını qurtara bilər.