Qalmaqallı hakimdən FİFA və UEFA-ya şikayət
17.10.2009 - 12:41
Qalmaqallı hakimdən FİFA və UEFA-ya şikayət
Latviya Futbol Federasiyası (LFF) beynəlxalq dərəcəli hakim Tom-Henninq Ovrebeden FİFA və UEFA-ya şikayət edəcək. Apasport.az saytının məlumatına görə, latışlar milli komandalarının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Yunanıstan yığması ilə Afinada keçirdiyi oyunda Ovrebenin idarəçiliyindən ciddi narazı qalıblar.

43 yaşlı norveçli FİFA referisinin işi nəinki latviyalı azarkeşlərin hiddətinə, eləcə də yığma rəhbərliyinin kəskin tənqidinə səbəb olub. Əsas məqam oyunun 47-ci dəqiqəsində qonaqların qapısına təyin edilən şübhəli penalti zərbəsi ilə bağlıdır. Həmin vaxt latviyalıların hesabda 2:1 irəlidə olduğunu nəzərə alsaq, bu, görüşün həlledici anı olub. Yəni penaltidən yararlanmaqla, hesabı bərabərləşdirən yunanlar matçın axarını dəyişməyə, sonradan daha 3 qol vuraraq, böyük hesablı qələbə qazanmağa (5:2) müvəffəq olublar.

“Biz FİFA və UEFA-dan norveçli hakimin işinə qiymət verməyi xahiş edirik. Səbəb şübhəli vəziyyətlərin həddən çox olmasıdır. Bu qərarı oyunun videoyazısını bir daha diqqətli baxdıqdan sonra qəbul etdik” - deyə LFF-nin baş katibi Yanis Mejetski vutğulayıb.

Əslində, Ovrebe artıq neçəndi dəfədir öz pis idarəçiliyi ilə qalmaqallı vəziyyətə düşür. O, ötən il keçirilən Avropa çempionatının final mərhələsində İtaliya yığmasının hücumçusu Luka Toninin Rumıniya yığmasının qapısına oyundankənar vəziyyətdə vurduğu qolu hesaba almışdı. Maraqlıdır ki, həmin epizodda yan xətt hakimi ofsayd qeydə alsa da, Ovrebe köməkçisinin siqnalını nədənsə nəzərə almamışdı. Daha böyük qalmaqal isə elə bu ilin yazında Çempionlar Liqasında “Çelsi” və “Barselona” klubları arasında Londonda keçirilən cavab görüşündə (1:1) baş verib. Sonradan turnirin qalibi olan “Barselona” məhz Ovrebenin anlaşılmaz qərarları sayəsində finala yüksəlmişdi.

Qeyd edək ki, qalmaqallı hakimin Afinada idarə etdiyi görüşdə Azərbaycan Unibank Premyer Liqasında çıxış edən 3 latviyalı futbolçu da forma geyinib. Bunlar Bakı “İnter”inin üzvləri - yarımmüdafiəçi Andrey Rubinlə hücumçu Girts Karlson və Zaqatalanın “Simurq” klubunun orta sahə oyunçusu Gennadi Solonitsındır.