Yığmanın hücumçusu təhqirlərdən bezib
17.10.2009 - 12:54
Yığmanın hücumçusu təhqirlərdən bezib
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Karlos Teves Argentina milli komandasında oynamaqdan imtina edə bilər. Apasport.az məlumatına görə, 25 yaşlı futbolçu çoxsaylı jurnalistlərin və azarkeşlərin tənqidinə cavab olaraq, bir daha yığmanın formasını geyinməyəcəyi ilə hədələyib.

Teves bildirib ki, milli komandanın ətrafında hökm sürən atmosferdə oynamaqdan zövq qalmır: “Mən Argentina milli komandasında çıxış edəndə, vaxtımı daha çox narahat keçirirəm, nəinki oyundan ləzzət alıram. Fanatlar bizi təhqir edir, jurnalistlər hər şeyi tənqid edir. Hərdən milli komandadan getmək haqda düşünürəm. Niyə Argentinaya gəlib, vaxtımı pis keçirməliyəm?”.

Qeyd edək ki, 2010-cu il dünya çempionatının final mərhələsinə çətinliklə vəsiqə qazanan Argentina yığması Uruqvay milli komandasını səfərdə (1:0) məğlub edərək, buna nail oldu. Milli komandanın baş məşqçisi Dieqo Maradona da yerli jurnalistlərdə münaqişədədir və hətta onları söyməkdən belə çəkinməyib.