“Terek” Şahin Diniyevi istefaya göndərir?
26.10.2009 - 10:07
“Terek” Şahin Diniyevi istefaya göndərir?
Azərbaycanlı məşqçi Şahin Diniyevi Qroznının “Terek” klubunun baş məşqçisi postunda rusiyalı Leonid Slutski əvəzləyə bilər. Apasport.az saytının Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, az öncə “Krılya Sovetov”la yollarını ayıran Slutskinin gələcək karyerası ilə bağlı minimum iki variant var. Bunlarında da biri də məhz “Terek”də baş məşqçi vəzifəsidir.

Rusiyalı həmkarlarımız Slutskidən yayılan xəbərlərin nə dərəcədə həqiqətəuyğun olub-olmamasını soruşublar və belə cavab alıblar: “Hələlik mümkün iş yerimlə əlaqədar konkret heç nə yoxdur. Ümid edirəm ki, sonda bir iş yerim olacaq. Ancaq hazırda istirahət edirəm”.

“Terek”in vitse-prezidenti Haydar Alxanov da öz növbəsində məsələyə münasibətini bildirib. Onun sözlərinə görə, Diniyevə hələ də güvənirlər və Slutskinin təyinatı hazırda gündəmdə deyil: “Mən artıq demişəm ki, “Terek”ə cari mövsümün sonuna qədər Şahin Diniyevin rəhbərlik edəcəyi klub prezidentimizlə razılaşdırılıb. Yeni mövsümə hazırlığa da onunla başlayacağımız istisna deyil. Çox şey çempionatın sonunda oyunun keyfiyyətindən və nəticələrdən asılı olacaq”.

Qeyd edək ki, Diniyev “Terek”ın baş məşqçi əvəzi kimi debüt matçında məhz Slutskinin keçmiş komandası “Krılya Sovetov”la görüşüb. Ötən həftə Samarada keçirilən oyun 43 yaşlı məşqçimizin 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.