“Fənərbaxça” - “Qalatasaray” derbisində yumruq davası - FOTOSESSİYA
26.10.2009 - 10:38
“Fənərbaxça” - “Qalatasaray” derbisində yumruq davası - FOTOSESSİYA
Türkiyə Superliqasında “Fənərbaxça” və “Qalatasaray” oyunu qalmaqallarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda ortalıq hələ oyun start götürməmiş qarışıb. Belə ki, görüşün başlanmasına 40 dəqiqə qalmış isinmə hərəkətlərinə çıxan “Qalatasaray”ın futbolçuları ilə “sarı-lacivərdlilər” arasında gərginlik yaşanıb. “Cim Bom”un üzvləri tribunalara doğru qaçıb, azarkeşlərini salamlayarkən, kapitan Arda Turan “Fənərbaxça”lı Kristianla toqquşub. Əsəblərini cilovlaya bilməyən futbolçular dərhal mübahisəyə girişib və yumruqları işə salıblar. “Qalatasaray” və “Fənərbaxça”nın digər oyunçularının müdaxiləsindən sonra qarşıdurmanın qabağı alınıb.

Matçın ikinci hissəsində isə daha bir arzuolunmaz olay baş verib. “Qalatasaray”lı Abdulkadir Keyta mərkəz yaxınlığında mübarizə zamanı Roberto Karlosa uduzduğundan, rəqibin üz nahiyəsinə yumruq ilişdirib. Müvazinətini saxlaya bilməyən Roberto Karlos yerə yıxılıb. Hakim isə dərhal Keytanı meydandan qovub.

Oyunun nəticəsinə gəlincə, “Fənərbaxça” 3:1 hesabı ilə qalib gəlib. İlk iki qolu 12-ci və 53-cü dəqiqədə (penaltidən) Aleks vurub. Hakan Balta 56-cı dəqiqədə hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən yaxa qurtarmaq müşkülə çevrilib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Daniel Quiza qoyub.

Qeyd edək ki, derbini Bakıdan İstanbula yollanmış bir qrup azərbaycanlı jurnalist də izləyib.