Subaşiç: qızıl, gümüş, bürünc, yoxsa...?
26.10.2009 - 10:46
Subaşiç: qızıl, gümüş, bürünc, yoxsa...?
Çin futbol çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Çanqçun Yatay” klubu XXIX turu da qələbə ilə başa vurub. “Hançjou”nun qonağı olan həmyerlimizin komandası 3:1 hesablı səfər qələbəsi qazanıb.

Branimirin 90 dəqiqə meydanda olduğu matçdan sonra “Çanqçun Yatay” xal hesabını 47-yə çatdırıb. Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Subaşiç və komandasının mövsümü hansı mükafatla bitirəcəyinə oktyabrın 31-də baş tutacaq son turda aydınlıq gətirəcək. “Pekin Quoan” və “Henan Sivu”dan cəmi 1 xal geri qalan “Çanqçun Yatay” qızıl, gümüş və bürünc medallara namizəd olmaqla yanaşı, mükafatsız da qala bilər. Belə ki, komandanın ən yaxın izləyicisi “Şandun Lunenq” onlardan 2, liderlərdən 3 xal geri qalır.

Şənbə günü iddiaçıların hər üçü öz meydanında oynayacaq. Subaşiçin komandası “Şonqhinq Lifan”, “Pekin Quoan” “Hançjou”, “Şandun Lunenq” isə “Çanqşa”nı qəbul edəcək. “Henan Sivu” isə “Şenjen” klubunun qonağı olacaq.