“Neftçi”nin sabiq məşqçisi rus futbolçunun müdafiəsinə qalxdı
03.11.2009 - 12:32
“Neftçi”nin sabiq məşqçisi rus futbolçunun müdafiəsinə qalxdı
Bakının “Neftçi” klubunun sabiq məşqçisi Yuri Sevidov Rusiya yığmasının futbolçusu Aleksandr Buxarovun müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, Kazanın “Rubin” klubunun heyətində ölkə çempionluğunu qazanan hücumçu milli komandasında 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Azərbaycan yığmasına qarşı Bakıda keçirilmiş oyunda debüt edib. Rusiya yığmasının baş məşqçisi Qus Hiddink Sloveniya ilə pley-off görüşləri üçün açıqladığı heyətdə Buxarovu Moskvanın “Lokomotiv”inin hücumçusu Dmitri Sıçevlə əvəzləyib. Bu həmin Sıçevdir ki, ötən ilin yayında yığmanın heyətində Avropa çempionatının bürünc medalını qazansa da, milli komandamızla Moskvadakı görüşdə ehtiyatda qalmışdı, Bakıdakı oyuna isə ümumiyyətlə çağırılmamışdı.

Buxarovun kənarda qalmasını haqsızlıq sayan “Neftçi”nin sabiq məşqçisi Hiddinkin son siyahısına təəccübləndiyini gizlətməyib: “İlk növbədə yığmada “Rubin”in hücumçusu Aleksandr Buxarovun adı yoxdur. Bu, Hiddinkin səhvidir. Rusiya Premyer Liqasının ən sərrast futbolçularından birini həlledici oyunlara necə çağırmamaq olar? Axı Buxarov 15 qolun hamısını oyun vəziyyətindən vurub. Bunun dəyəri böyükdür. Bu məsələdə baş məşqçimizin hərəkətini başa düşmədim. Hiddinkin Buxarovla sadəcə, insani münasibətlərinin alınmadığını istisna etmirəm. Ola bilsin ki, Aleksandr son təlim-məşq toplanışında və Azərbaycanla görüşdə hollandın elə də xoşuna gəlməyib. Hiddinkə yalnız onu məsləhət görərdim ki, Rusiyada daha çox olsun”.

Rusiyanın gənclərdən ibarət yığma komandasının sabiq baş məşqçisi Boris Stukalov isə Sıçevin qayıdışını düzgün saymaqla, holland həmkarını dəstəkləyir. Bununla da, bir növ Sevidova qarşı çıxan mütəxəssis Buxarovun Hiddinkin oyun konsepsiyasına uyğun gəlmədiyini bildirib: “Fikir verin, Hiddink “Rubin”in hücumçusunu çağıran zaman onu hətta Azərbaycanla heç bir şeyi həll etməyən oyunda da meydana buraxmadı. Məncə, bu, həlledici amildir”.

Qəribədir ki, Boris Stukalov Aleksandrın milli komandasında debütünün məhz yığmamızla görüşdə baş verməsindən bixəbərdir. Halbuki, Buxarov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun 64-cü dəqiqəsində hesab 1:1 olarkən Vladimir Bıstrovun yerinə meydana daxil olub.

Qeyd edək ki, Sevidov 1987-ci ildə SSRİ çempionatında Ağasəlim Mircavadovla birgə “Neftçi”nin köməkçi-məşqçisi olub.