“Total futbol”un yaradıcısı qayıdır
03.11.2009 - 13:18
“Total futbol”un yaradıcısı qayıdır
Yohan Kroyff 13 illik fasilədən sonra məşqçilik fəaliyyətini bərpa edir. Apasport.az saytının məlumatına görə, “uçan holland” ləqəbli 62 yaşlı mütəxəssis Kataloniya yığmasının baş məşqçisi təyin olunub. Bu qərar rəsmən noyabrın 9-da açıqlanacaq. Kroyff baş məşqçi vəzifəsində Pepe Qratakosanı əvəzləyib.

Kataloniya yığması FİFA tərəfindən tanınmayıb. Ancaq UEFA qaydaları katalonlara hər ilin dekabrında yoldaşlıq görüşü keçirməyə icazə verir. Belə ki, Kataloniya yığması son belə oyununu ötən il “Nou Kamp” stadionunda Kolumbiya yığmasına qarşı keçirib və 2:1 hesabı ilə qalib gəlib. Həmin matçda komandanın heyətində Kataloniya təmsilçisi olan “Barselona”nın futbolçuları Karles Puyol, Jerar Pike, Serxio Buskets və Boyan Krkiç də forma geyiniblər.

Qeyd edək ki, indiyədək çoxsaylı titullar qazanmış Kroyff “total futbol”un yaradıcısıdır. Onun məşqçilik karyerası məhz Kataloniya ilə bağlıdır. O, “Barselona”nın çalışdırıcısı qismində 4 dəfə İspaniya çempionluğunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA kubokunu və 1 dəfə UEFA Superkubokunu qazanıb.