“Muğan” klubundan qovulan futbolçu: O, mənə dişinin dibindən çıxanı dedi
05.11.2009 - 14:51
“Muğan” klubundan qovulan futbolçu: O, mənə dişinin dibindən çıxanı dedi
“Muğan” klubunun bosniyalı hücumçusu Adis Çulov baş məşqçi Kemal Alispahiçlə arasında baş verən mübahisədən danışıb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu “Olimpik-Şüvəlan”la matçdan sonra Alispahiç tərəfindən əvəzedici heyətə göndərilib. Bir müddət öncə yaşanmış bu olayı Çulov belə xatırlayıb.

- "Olimpik-Şüvəlan"la görüşün fasiləsində paltardəyişmə otağında baş verənləri qısa da olsa, göz önünə gətirə bilərsiniz?
- Fasilədə otağa girər-girməz baş məşqçi üzünü mənə tərəf tutaraq, uca səslə kəskin iradlarını bildirməyə başladı. Guya yaxşı oynamıram, yaxud həvəssizəm. Mən də özümü saxlaya bilməyib "üstümə niyə qışqırırsan, məgər komanda tək məndən ibarətdir?" söylədim. Düzü, onun mənə qarşı belə davranacağını gözləmirdim. Mənə təsir edən odur ki, yaxşı oynayanda heç nə demirdi. Bir dəfə aşağı səviyyədə çıxış edəndə, dişinin dibindən çıxanı deyir. Komanda yoldaşlarımın yanında söz götürməyi ayıb bildim və cavab qaytardım.

- Bu addımınıza görə peşmansınız?
- Heç bilmirəm nə deyim. Ancaq başqa addım da ata bilərdim. Bəlkə də son vaxtlar uğursuz çıxış etməyimiz məni cavab qaytarmağa vadar etdi. Halbuki belə halla ilk dəfə deyil ki qarşılaşırdım.

- Alispahiç deyir ki, "Çulova mənim komandamda yer yoxdur. "Muğan"da ya o qalacaq, ya da mən". Bu haqda nə deyə bilərsiniz?
- Rəhbərliklə söhbətim oldu. Onlar mənim qalmağımı və "Muğan"a lazım olduğumu deyiblər. Yox, məşqçi məni istəmirsə, bu, onun öz işidir. Məndən olsa, komandada qalıb, belə çətin günlərdə uşaqlara kömək edərəm.

- Bəlkə Alispahiçə yaxınlaşıb üzr istəyəsiniz? Sizdən yaşda böyükdür və komandanın baş məşqçisidir.
- Alispahiçi uşaq yaşlarımdan tanıyıram. Bilirəm ki, səviyyəli məşqçi və ağıllı insandır. Ancaq mənə qarşı niyə belə etdiyini anlaya bilmədim. Bütün bunlara görə peşmanam. Hər şeyə "Qəbələ" ilə oyundan sonra aydınlıq gələcək. Rəhbərliklə görüşüb, ətraflı söhbət edəcəyəm. Lazım gəlsə, üzr istəməyə də hazıram.

- Hazırda əvəzedici komandanın şərəfini qoruyursunuz. Alispahiç sizdən qəti şəkildə imtina etsə, müqavilənin sonunadək dublda çıxış edəcəksiniz? Yoxsa qışda klubunuzu dəyişməyiniz daha real görünür?
- Əvəzedicilərin heyətində bir dəfə də çıxış edəcəyəm. Ondan sonra rəhbərliyin və baş məşqçinin qərarını gözləyəcəyəm. Alispahiç məndən imtina etsə, qışda "Muğan"dan ayrılacağam. Mənim üçün problem yoxdur. Artıq 3-4 klubdan təkliflər var.

- Yerli, yoxsa əcnəbi komandalardır?
- Düzü, Avropa təmsilçiləridir. Ancaq Azərbaycandan təklif olsa, müzakirə etmək mümkündür. Hələlik "Muğan"a məxsusam və burdan ayrılmaq istəmirəm.

- "Muğan"dan ayrıladıqdan sonra komanda yoldaşlarınızın çıxışını izləyirsiniz?
- "Turan"la matçda stadionda idim. Ancaq "Xəzər Lənkəran"la oyun günü əvəzedici heyətlə məşqimiz olduğundan, səfərə gedə bilmədim. "Qəbələ" ilə görüşü də Allahın köməyi ilə izləməyi düşünürəm.

- Rəhbərlik müqavilədə nəzərdə tutulmuş şərtləri yerinə yetirir?
- Sağ olsunlar, hər şey qaydasındadrı. Mən komandanı tərk etməmişəm. Əsas və ya əvəzedici heyətin fərqi yoxdur, hər ikisi "Muğan"dır.

- Maraqlıdır, Alispahiç sizi bağışlamasa və illər sonra onunla Bosniyada üz-üzə gəlsəniz, hal-əhval tutarsınız?
- (gülür) Bu, futbol həyatıdır. Hər şey ola bilər. Bilmək olmaz, bəlkə 3-4 ildən sonra Alispahiçlə yenidən bir yerdə çalışdıq. Baş verən hadisələrə peşəkarcasına yanaşmaq lazımdır. Ona qarşı heç bir kin saxlamıram.

Mənbə: “Futbol+” qəzeti