“Mən çox danışmağı sevmirəm”
05.11.2009 - 16:09
“Mən çox danışmağı sevmirəm”
Bakının “Neftçi” Azərbaycan Premyer Liqasının növbəti turunda “Xəzər-Lənkəran”la derbi öncəsi azarkeşləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüşdə klub rəhbərliyi, baş məşqçi ilə yanaşı, futbolçular da iştirak ediblər. “Neftçi”nin prezidenti Əkbər Hacıyevin adından azarkeşlərə minnətdarlığını bildirən vitse-prezident Tahir Süleymanov “Flaqman” fan-klubunun rəhbəri Ceyhun Bədəlzadəyə kompüter dəsti bağışlayıb.

Baş məşqçi Vaqif Sadıqov deyib ki, komandaya gəldiyi gündən fanatların dəstəyini hiss edir: “Məğlubiyyətə uğrayanda belə bizimlə olmusunuz. İnanıram ki, Lənkəranda sizin dəstəyinizlə ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”.

Zədəli Zaur Tağızadənin yoxluğunda kapitan sarğısını daşıyan müdafiəçi Rail Məlikov da azarkeşlərin dəstəyini vurğulayıb: “Bütün azarkeşlərimizlə fəxr edirəm. Onların dəstəyini hər zaman hiss etmişəm”.

Yayda “Xəzər-Lənkəran”dan “Neftçi”yə keçən Rəşad Abdullayev isə yarımmüdafiənin sağ cinahında Tağızadəni əvəzləməlidir: “Bundan əvvəl “Xəzər-Lənkəran”da oynasam da, hazırda “Neftçi” üçün çalışıram. Bunu Lənkərandakı oyunumla sübut edəcəyəm”.

“Neftçi”nin hazırkı rumıniyalı lideri Adrian Neaqa isə bazar günü Lənkəranda uğurlu oyundan sonra azarkeşlər qarşısına çıxmaq istəyir: “Mən çox danışmağı sevmirəm. Lənkəranda əla oyun göstərib, qələbə qazandıqdan sonra sizinlə bir də görüşərik”.