“Xəzər-Lənkəran” klubunun qənimi və sabiq “Beşiktaş”lıların siftələri
06.11.2009 - 13:25
“Xəzər-Lənkəran” klubunun qənimi və sabiq “Beşiktaş”lıların siftələri
Noyabrın 8-də Azərbaycan Premyer Liqasının X turunda qarşılaşacaq “Xəzər-Lənkəran”la “Neftçi” arasındakı oyunlarda maraqlı tendensiya müşahidə olunur. Apasport.az saytının məlumatına görə, barışmaz rəqiblərin görüşündə həmişə lənkəranlılar birinci meydan sahibi olurlar.

Bu ənənə yenə davam etdiyindən, öncə “Xəzər-Lənkəran” rəqibini qəbul edəcək. Ancaq cənub təmsilçisinin flaqmanla oyunlarını həmişə öz doğma stadionunda keçirdiyini deyə bilmərik. Misal üçün, prinsipial rəqiblərin ilk görüşü Cəlilabad şəhər stadionunda baş tutub ki, bu da Lənkərandakı mərkəzi arenada təmir işləri ilə bağlı olub. “Xəzər-Lənkəran”ın öz stadionu istifadəyə veriləndən sonra da “ağ-qaralar”ı başqa yerdə qəbul etməli olub. Düzdür, nəzərdə tutduğumuz həmin iki oyun da Lənkəranda keçirilsə də, Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. Özü də hər iki halda, cənub təmsilçisi eyni hesabla uduzub – 0:1.

Əvvəl qeyd etdiyimiz Cəlilabaddakı görüşün 1:1 hesabı ilə nəticələndiyini nəzərə alsaq, “Xəzər-Lənkəran” öz arenasından kənarda “Neftçi”yə qalib gəlmir. “Neftçi” isə “Xəzər-Lənkəran”ın stadionunda keçirilən hər iki oyunda iki top buraxmaqla uduzub – 1:2 və 0:2. Yeri gəlmişkən, bu komandalar arasındakı oyunlardan birini ölkə prezidenti İlham Əliyev də izləyib. Dövlət başçısı üç il öncə Lənkərana səfəri zamanı arenanın rəsmi açılışında iştirak edib. Onun bu səfəri “Xəzər-Lənkəran”a düşərli olub və bu komanda tarixində ilk dəfə “Neftçi”ni məğlubiyyətə uğradıb.

“Xəzər-Lənkəran” – “Neftçi” derbisində tanınmış türkiyəlilər, sabiq “Beşiktaş”lılar iştirak edib. Bunlar təcrübəli mütəxəssis Rasim Kara, futbolçulardan Oktay Dərəlioğlu, Əhməd Dursun və Əli Cansundur. Lənkəranlılar “Neftçi” üzərində sonuncu qələbəsini məhz Karanın dövründə qazanıblar – 2:0. Bu, müxtəlif vaxtlarda Lənkəran təmsilçisini çalışdırmış 59 yaşlı məşqçinin flaqman üzərində qazandığı ilk qalibiyyət kimi tarixə düşdü. Oktay “Xəzər-Lənkəran”ın “Neftçi”yə vurduğu ilk, Əhməd son qolun müəllifidir. Cansun isə Dursunun fərqləndiyi həmin görüşdə sonradan meydana çıxmaqla qələbə topunu vurub ki, bu da barışmaz rəqiblər arasında son oyundur.

İndiyədək bu rəqiblərin görüşlərində ən çox qol vuran futbolçu indi meydana çıxmayacaq. Söhbət “ağ-qaralar”ın 30 yaşlı kapitanı Zaur Tağızadədən gedir. Yaxınlarda Türkiyədə cərrahiyyə əməliyyatı olunduqdan sonra bərpa prosesini keçən Tağızadə “Xəzər-Lənkəran”ın qənimidir. Yarımmüdafiəçi rəqib qapısına 4 dəfə yol tapıb ki, bunlar arasında dubl da olub, “qızıl oyun”da vurulan “qızıl qol” da. “Neftçi” sonuncu çempionluğunu Zaurun Gəncədə fərqləndiyi həmin oyunda, yəni 4,5 il öncə qazanıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran”la “Neftçi” arasında keçirilən 11 oyunda üstünlük ikincilərin tərəfindədir. Flaqman lənkəranlılara 6 dəfə qalib gəlib, 2 dəfə heç-heç edib və 3 oyunda uduzub. Topların fərqi 13-11 “ağ-qaralar”ın xeyrinədir.


“Xəzər-Lənkəran”la “Neftçi” arasında oyunlar

2004/05 mövsümü

“Xəzər-Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

“Neftçi” – “Xəzər-Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”
“Neftçi” – “Xəzər-Lənkəran” – 2:1
Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 0:1
Nadir Nəbiyev

“Neftçi” – “Xəzər-Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 2:1
Zaur Ramazanov (2) – Svetoslav Stefanov

“Neftçi” – “Xəzər-Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 0:1
Georgi Adamiya

“Neftçi” – “Xəzər-Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü
“Xəzər-Lənkəran” – “Neftçi” – 2:0
İvan Svetkov, Rəşad Abdullayev

“Neftçi” – “Xəzər-Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun