Samir Əliyev: O formanı geymək istəməyəni vətən oğlu saymıram - MÜSAHİBƏ
06.11.2009 - 14:07
Samir Əliyev: O formanı geymək istəməyəni vətən oğlu saymıram - MÜSAHİBƏ
"Neftçi"nin heyətinə nəzər salarkən vaxtilə xariqələr yaradan az sayda futbolçuya rast gələ bilərik. Onlardan biri də Samir Əliyevdir. Vaxtilə U-21 və millinin şərəfini qorumuş yarımmüdafiəçi aldığı zədələrdən sonra heç cür özünə gələ bilmir. Lakin ölkə kubokunda "Neftçi" İSM-lə görüşdə iki qol və bir məhsuldar ötürməyə imza atan Əliyev hələ də futbol oynamağı yadırmadığını nümayiş etdirmiş oldu. Bazar günü flaqmanın səfərdə "Xəzər Lənkəran"la görüşü nə dərəcədə önəmlidirsə, Samir üçün də bir o qədər prinsipial qarşılaşma sayıla bilər. Bəli, Əliyev iki gün sonra karyerasının ən parlaq dövrlərini yaşadığı komandaya qarşı forma geyə bilər. Lakin son vaxtlar Vaqif Sadıqovun əsas heyətdə güvənmədiyi futbolçu üçün bu, bir qədər çətin görünür. Elə bu məqsədlə dünən Samirlə əlaqə saxlayıb, bizi maraqlandıran suallara cavab tapmaq istədik.

- Təbrik edirik, nəhayət, rəqib torunu silkələməyi bacardın.
- Gərək oynayasan ki, qol da vurasan. Oynamıram axı, necə fərqlənim?

- Uzun müddətdir ehtiyatda qalmağını nə ilə əlaqələndirə bilərsən?
- Heç nə deyə bilmərəm. Çünki səbəb özümə də bəlli deyil. Ola bilsin, baş məşqçimiz fiziki formamın aşağı səviyyədə olduğunu düşünür. Ancaq o qədər də hazırlıqsız deyiləm ki, çıxıb heç olmasa bir hissə oynaya bilməyim.

- Belə çıxır, meydana çıxıb mübarizə aparmağa tam hazırsan.
- Niyə oynamaram? Meydana çıxıb rahat şəkildə komanda yoldaşlarıma kömək etməyə hazıram. Guya oynayanlar nə edir ki? Çempionata baxın da? Əsas heyətdə forma geyənlərin hamısı hazırdır? Həm də mənim mövqeyimdə insayd kimi mübarizə aparanlar Dmitri Kruqlovla Rəşad Abdullayevdir ki, yəqin onlar daha hazırlıqlıdırlar.

- Əvvəllər oynadığın klublarda səni hücum xəttində görürdük.
- Düz buyurursuz, onda forvard kimi çıxış edirdim. Vaqif Sadıqov gələndən sonra bildirdi ki, sənin mövqeyin yarımmüdafiədir. Hər bir məşqçinin öz planı var. Ola bilsin, Sadıqov məni hücum xəttində görmür. Nə edə bilərəm?

- Son kubok qarşılaşmasında məhsuldarlıqla yadda qaldın. Düşünmürsən ki, artıq qolları sıralamağın vaxtı çatıb?
- Əlbəttə, mən də elə düşünürəm. Dünənki uşaq deyiləm ki, nədənsə qorxub çəkinim. Mən bu yolları çoxdan keçmişəm. Azərbaycan çempionatı o səviyyəyə çatmayıb ki, çıxıb nəsə edə bilməyim, fərqlənməyim. Sadəcə, mənə inanıb, güvənib meydana buraxmaq lazımdı. Bunlar olandan sonra sözümü deyəcəyimə adım kimi əminəm. Sizi inandırım ki, çempionatının 8 turunda daim əsas heyətdə yer alsaydım, indiyə qədər 4-5 qol vurmuşdum. Öz gücümə və apardığım mübarizəyə arxayınam. Bunları heç də "Neftçi" İSM-in qapısına iki qol vurduğuma görə demirəm. Mənim necə oyunlarda, hansı vəziyyətlərdə fərqləndiyimi azarkeşlər yaxşı bilir.

- Etiraf edək ki, forma geydiyin oyunlarda komanda yoldaşlarınla anlaşma baxımından bir qədər əziyyət çəkirsən. Sanki əvvəlki Samir deyilsən.
- Sizinlə razıyam. Ancaq əvvəlki formamı bərpa etmək üçün 5-10 dəqiqə kifayət etmir axı. Heç olmasa, yarım saat, bir hissə şans qazanmalıyam. Hər şey baş məşqçidən asılıdır. Sadıqov mənə güvənmirsə, nə edə bilərəm. Daim məşq etməklə formanı bərpa etmək olmur. Sizi inandırım ki, gün məşq etməkdənsə, bir oyuna çıxmaq daha faydalıdı. Bu yalnız mənə yox, hər bir futbolçuya aiddir. Ehtiyatda otura-otura əvvəlki günləri qaytarmaq olmur.

- Səncə, Vaqif Sadıqova yaxınlaşıb niyə oynamamağınla bağlı maraqlanmaq olmazmı?
- Məndə elə xasiyyət yoxdur. Heç vaxt kiməsə yaxınlaşıb "niyə məni oynatmırsan" deyə soruşmamışam, heç soruşmaram da.

- Son 2 ildə daim zədələnirsən. Bəlkə məşqçi zədəli olduğunu düşünərək, tam güclə oynaya bilməyəcəyinə görə sənə güvənmir?
- Zədələr məni çox geri saldı. Bütün olanlar bir zədəyə görə oldu. Sol dizimdəki problemləri tam həll etmədiyimə görə zədəm sağalmaq bilmirdi. Bir dəfə müalicəm bitməmiş meydana çıxdım, digərində həkimlər işinə düzgün yanaşmadı. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Demək olar, 100 faiz hazıram. Bir az da artıq çəkim vardı. İndi onlardan da qurtulmuşam. Fikrimcə, meydana çıxmaq vaxtı yetişib.

- "Neftçi"nin oyununu kənardan izləyərkən əvvəlki günləri xatırlayıb, xəyallara daldığın anlar olurmu?
- Xəyallara dalmaq nədir, ürəyim partlayır. Ancaq bütün bunları içimdə boğmağa çalışıram. Gedib kiməsə danışa bilmirəm ki, ürəyim boşalsın.

- Uzun illərdi komandadasan. Baş verənlər gözlərin qarşısında olub. Səncə, bu "uçurum" hardan başladı?
- Siz hər şeyi məndən yaxşı bilirsiniz. Gərək mənim ağzımdan eşidəsiniz?

- Düzdü, olanlardan biz də xəbərdarıq. Bəlkə sənin dediklərin bizim düşündüklərimizdən fərqlənir?
- Ötən yay "İntertoto"dakı çıxışımız yadınızdan çıxmayıb ki? Sadəcə, çempionatın startında yorğun olmağımız sözünü dedi. Hər şey Demyanenkonun getməsindən sonra başladı. Kollektivdə əla əhval-ruhiyyə vardı. Hamımız can deyib, can eşidirdik. Gede gələndən sonra öz bildiyini etməklə bütün üzdə olan uşaqları "Neftçi"dən kənarlaşdırdı. Görün həmin Rəşad Sadiqov, Elnur Allahverdiyev indi necə çıxış edir. "Neftçi"ni əvvəlki vaxtlarına qaytarmaq üçün illər lazımdı. Hansı məşqçini gətirsən də, komanda 1-2 aya düzələn deyil. Bunun üçün ən azı 2 il vaxt lazımdı.

- Bazar günü Lənkəranda "Böyük oyun" olacaq. Bu qarşılaşma sənin üçün nə dərəcədə önəmlidir?
- Bildiyiniz kimi, uzun illər "Xəzər Lənkəran"nın formasını geymişəm. Ancaq necə vaxtdır ki, "Neftçi"dəyəm. Yəni bu vaxt ərzində bir neçə dəfə ora səfər etmişəm. Əlbəttə, əsas məqsədim hazırkı komandamın qələbə qazanması olacaq. Meydana çıxsam, çalışacam ki, əlimdən gələni edib "Xəzər Lənkəran"nın qapısına qol vurum. Yalnız lənkəranlıları yox, bütün rəqiblərimizi məyus etməyin vaxtı yetişib.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən? Əvvəlki illərə nisbətən hansısa irəliləyişin olduğu hiss olunurmu?
- Ciddi inkişafdan danışmağım düzgün olmaz. Əvvəllər çempionluq uğrunda 1-2 klub mübarizə aparırdısa, indi heç bir komanda məğlub olmaq istəmir. Əvvəllər bol qollu oyunlara tamaşa edirdik. Klublar hazırda müdafiə xəttinin qayğısına qalaraq, qapısında qol görmək istəmir. "Karvan"la son görüşümüzdən əvvəl hər kəs 4 top fərqiylə qalib gələcəyimizi söyləsə də, gördüyünüz kimi, çətin qələbə qazandıq.

- Millimiz haqda nə deyə bilərsən?
- Hiss olunur ki, Foqts yığmada gəncləşdirmə siyasəti aparır. Son oyunlarda uğurlu nəticələr qazansalar da, ciddi inkişaf hiss olunmur. Bir şeyi deyim ki, nəticələr nə qədər sərfəli olsa da, baxımlı oyun görmürəm. Lixtenşteyn və Rusiya ilə son oyunlardan başqa, mənə elə bir qarşılaşma göstərin ki, gözəl oyunun şahidi olmuşuq.

- Düzdü, əvvəllər gözəl oyun izləyə bilməsək də, "Qarabağ"ın yayda avrokuboklardakı çıxışından sonra yığmada da müəyyən irəliləyişin olduğu hiss olunurdu. Yəni gələcəyə ümidlə baxmaq olar.
- İstəmirəm çox danışıb uşaqların çəkdiyi əziyyətə kölgə salım. Ancaq gəlin özümüzü aldatmayaq. Lixtenşteyn və Rusiya yığmalarının heyətinə nəzər salsaq, hər şey aydın olar. Əvvəllər daha güclü rəqiblərə qarşı oynayıb, uğurlu nəticələrə imza atırdıq. Yalnız ona sevinirəm ki, millidə yerli futbolçuların sayı çoxalır. Levin, Pereyra kimilərdənsə, özümüzünkülər çıxış etsin. Bilmirəm, Elvini, Rəşadı, Elnuru Foqts özü görüb bəyəndi, yoxsa kimlərinsə tapşırığıdır. Rəşad Sadiqov yığmaya çoxdan çağırılmalı idi.

- Necə düşünürsən, indiki şərait 5-10 il əvvəl olsaydı, bundan artığını bacara bilərdiz?
- Hansı şəraitdən danışırsız? Məgər indi şərait yaxşıdır ki? Çempionluğa oynayan bir neçə aparıcı klubun bazası, meydançası yoxdur. Xaricdə keçirilən toplanışların hamısı boş şeylərdi. Bir həftə, on gün hardasa məşq etməklə nəyəsə nail olmaq çətindir. Hamısı pulun başında duran şeylərdi. Ancaq futbolçunu pul inkişaf etdirmir axı. Pul var deyə, gedək 10 milyon dollara tanınmış futbolçu gətirib asfalt üzərində məşq etdirib, boş tribunalar önünə çıxaraq. Budu inkişaf? İndi bir neçə tanınmış futbolçu var ki, klubun bazası olmadığından otellərdə, evlərdə qalır. Fikrimcə, yaxın 10 il ərzində heç bir uğur gözləməyə dəyməz.

- Artıq 30 yaşın var. Yenidən yığmaya qayıtmağın mümkündür, yoxsa "qapı"ları bağlanmış sayırsan?
- Hələ özümü yığmada oynamağa hazır saymıram. Lakin əsas məqsədim "Neftçi"dəki yerimi geri qaytarmaqdı. Klubda müntəzəm çıxış edəndən sonra dəvət gözləməyə lüzum qalmayacaq. Nə yaşım var. Uşaqlar var ki, yaşı 30-dan çoxdur, ancaq daim milliyə çağırılır. O formanı geymək istəməyəni vətən oğlu saymıram.

Mənbə: Futbol+ qəzeti