“Qalatasaray” klubunun futbolçusu oyun vaxtı yuxuya getdi
06.11.2009 - 14:19
“Qalatasaray” klubunun futbolçusu oyun vaxtı yuxuya getdi
“Qalatasaray”ın futbolçusu Elano Blumer Avropa Liqasının qrup mərhələsi çərçivəsində Buxarestdə yerli “Dinamo”ya qarşı keçirilən matçda kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin yayda “Mançester Siti”dən “Cim Bom”a transferi böyük səs-küyə səbəb olmuşdu. Əvvəlcə komandanın aparıcı üzvlərindən biri olan futbolçu tədricən əsas heyətdəki yerini itirdi.

“Dinamo” ilə görüşdə də “sarı-qırmızılılar”ın baş məşqçisi Frank Raykaard Elanoya ilk “11-lik”də yer verməyib. Ehtiyat oyunçular skamyasında oturan braziliyalı digər futbolçular kimi, qalın geyinib və üstünə ədyal atıb. O, oyun zamanı yavaş-yavaş mürgüləməyə başlayıb. İkinci hissənin əvvəlində isə özünü saxlaya bilməyib və elə ehtiyat oyunçular skamyasında yuxuya gedib. Ətrafdakılar Elanonun bu vəziyyətini gülüşlə qarşılayıblar. Bir qədər keçdikdən sonra yuxudan oyanan yarımmüdafiəçi final fitinə 12 dəqiqə qalmış meydana daxil olub. Futbol qol vura bilməsə də, yatıb-durduqdan sonra “Qalatasaray”ın 3:0 hesablı qələbəsinə sevinib.