“Bakı” rəhbərliyi Türkiyədə olan futbolçularla danışıqlar aparır
06.11.2009 - 16:02
“Bakı” rəhbərliyi Türkiyədə olan futbolçularla danışıqlar aparır
Türkiyə mətbuatı növbəti dəfə “Bakı”nın baş məşqçisi Bülənt Korkmaza geniş yer ayırıb. Apasport.az saytının məlumatına görə, yazıda paytaxt klubunun iki gün öncə Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsinin ilk oyununda “Bakılı” üzərində qazandığı 6:0 hesablı qələbə xüsusi vurğulanıb. Bildirilir ki, “Qalatasaray”ın əfsanəvi kapitanı Azərbaycan futboluna da adını qızıl hərflərlə yazdırmaq istəyir. Eyni zamanda Korkmazın da fikirlərinə yer verilib.

"Buraya təxminən 1 ay öncə gəlmişəm. İşə başladıqdan sonra komandada taktiki və fiziki baxımdan yüksəliş var. Klubu qəbul edəndə, turnir cədvəlində 9-cu yerdə idi. İndi bir pillə yuxarı qalxmışıq. Əgər bu həftə də qələbə qazansaq, mövqeyimiz daha da yaxşılaşacaq” - deyə Korkmaz söyləyib.

Türkiyəli çalışdırıcı deyib ki, “Bakı”dan kənarlaşdırılan 3 futbolçunun əvəzinə transferlər ediləcək. O, Türkiyədən də oyunçu alacaqlarını istisna etməyib: “Transfer üçün indidən hazırlaşmaq lazımdır. Komandamda qalacağını və ya gedəcəyini futbolçu özü müəyyənləşdirəcək. Oyunçunun meydanda göstərdiyi futbol önəmli deyil, yetər ki, bizim düşüncələrimizi gerçəkləşdirsin. Düşündüklərimizi həyata keçirən qalacaq, digərləri isə yola salınacaq. Hazırda Türkiyədən də futbolçularla danışıqlar aparırıq. “Bakı”nın reallaşdıracağı transfer Azərbaycan futboluna xeyir verməlidir. Bir neçə oyunçu ilə danışıqlar aparsaq da, hələlik qəti qərar yoxdur”.